Ermənistanın bütün təxribatları nəticəsiz qalacaq - Ceyhun Bayramov

Ermənistanın bütün təxribatları nəticəsiz qalacaq - Ceyhun Bayramov

Ermənistanın bütün təxribatları nəticəsiz qalacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu Agentliyi"nə müsahibəsi zamanı bildirib.

O, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən bu hücumlara lazımi cavab verildiyini qeyd edib.

“İki dövlətin müstəqillik əldə etməsinin üstündən 30 il keçib. 30 il ərzində bu iki ölkə arasında sərhədlərin müəyyən olunmaması normal hal deyil. Bunun səbəbləri bəllidir. Uzun illər boyunca Ermənistan tərəfindən işğalçı siyasət yürüdülüb. Azərbaycan torpaqlarını azad etdikdən sonra ərazi bütövlüyünü bərpa edib və bu da yeni bir imkan yaradıb. Sərhəd probleminin həll edilməsi üçün Ermənistan ilə Azərbaycan arasında birgə komissiya yaratmaq və sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq lazımdır. Düşünürəm ki, bu prosesin başlaması ilə bu gərginlik də sona çatar", - deyə C.Bayramov bildirib.

Nazir bildirib ki, Ermənistan bu yeni reallığı nə qədər tez qəbul etsə, onun özü üçün yaxşı olar. Ermənistan dialoq çağırışlarını qəbul etmək məcburiyyətindədir.

"Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə, yeni dialoqları qəbul etsə, qonşularına qarşı hörmətlə davransa, sərhədləri qəbul edib qonşu dövlətlərin torpaqlarına iddia etməsə, o zaman problem həll olunar. XXI əsrdə bu tərzdə siyasət yürütmək heç bir dövlətə xeyir gətirməz”, - deyə C.Bayramov qeyd edib.