Azərbaycan və Koreya yeni əməkdaşlıq formatlarında birgə fəaliyyət göstərə bilərlər - Milli Məclisin sədri

Azərbaycan və Koreya yeni əməkdaşlıq formatlarında birgə fəaliyyət göstərə bilərlər - Milli Məclisin sədri

Bakı. TurkicWorld:

Azərbaycanla Koreya Respublikası arasında müxtəlif formatlarda qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı imkanlar var. Ölkələrimiz ənənəvi format və təşkilatlarla yanaşı, yeni əməkdaşlıq formatlarında da birgə fəaliyyət göstərə bilərlər.

TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Koreya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Jin-pyo Kim ilə görüşdə bildirib.

Onun sözlərinə görə, bu formatlardan biri Azərbaycanı, Mərkəzi Asiya ölkələrini və Koreya Respublikasını əhatə edən, müxtəlif sahələrdə mühüm imkanlar və üstünlüklər verə bilən əməkdaşlıq mexanizmi ola bilər. Spiker Sahibə Qafarova mədəni oxşarlıqlara və dil yaxınlığına görə Koreya Respublikasının Türk Dövlətləri Təşkilatı ilə tərəfdaş ölkə kimi əməkdaşlığının mühüm nəticələrin əldə olunmasına gətirib çıxara biləcəyinə inamını ifadə edib.

Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq imkanları da nəzərdən keçirilərək, qeyd edilib ki, Transxəzər Şərq-Qərb Orta Dəhlizi Şərqlə Qərbi birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Sahibə Qafarova deyib ki, Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit ölkə kimi mühüm rolu artmaqdadır. Zəngəzur dəhlizinin açılması ilə bu axın daha da genişlənəcək.

Milli Assambleyanın sədri Jin-pyo Kim isə Azərbaycanla Koreya arasında bənzərliklərin, ümumi cəhətlərin olduğunu qeyd edərək, hər iki ölkənin coğrafi mövqelərinin əhəmiyyətini vurğulayıb. O, deyib ki, həm Azərbaycan, həm də Koreya dənizləri, qitələri birləşdirən ölkələrdir. Bu da hər iki ölkə üçün eynilik təşkil etməklə, əlaqələrimizin daha da inkişafına, dövlətlərimizin bir-birinə daha da yaxınlaşmasına töhfə verir.