Eşq olsun cənab Prezident İlham Əliyevə, eşq olsun Azərbaycanın qəhrəman əsgərlərinə və şanlı millətinə! - Yalçın Topçu (FOTO/VİDEO)

Eşq olsun cənab Prezident İlham Əliyevə, eşq olsun Azərbaycanın qəhrəman əsgərlərinə və şanlı millətinə! - Yalçın Topçu (FOTO/VİDEO)

BMT-nin qətnamələrinə baxmayaraq 30 il Qarabağı işğal altında saxlamış, bəşəriyyət əleyhinə cinayətlər törətmiş, hüquq tanımayan təcavüzkar Ermənistan rəhbərliyi və Ermənistan ordusuna qarşı 2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. 44 gün davam etmiş və qələbə ilə başa çatmış Vətən müharibəsi Azərbaycanın şanlı tarixinin səhifələrində yerini aldı.

Bunu Trend-ə müsahibəsində Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Y.Topçu bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin bu əks-hücum əməliyyatını beynəlxalq hüquq çərçivəsində, mülki şəxslərin hüquqlarını nəzərə alaraq həyata keçirdiyini tərəfsiz olan hər kəs təqdir edib:

"2020-ci il sentyabrın 27-də başlayıb, noyabrın 10-da bitən, 44 gün davam edən müharibədə qazanılan və 444 il haqqında danışılacaq bu zəfər nəticəsində bu gün üçrəngli bayraq Qarabağ səmasında qürurla dalğalanır. Can Azərbaycan təcavüzkar, işğalçı, beynəlxalq hüququ tapdayan, BMT qərarlarını tanımayan Ermənistana qarşı bütün dünyanın etiraf etdiyi böyük hərbi və diplomatik zəfər qazanıb. Eşq olsun cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə, eşq olsun Azərbaycanın qəhrəman əsgərlərinə və şanlı millətinə!"

Baş müşavir vurğulayıb ki, bu zəfərin regiondakı bütün xalqların rifahı üçün çöx böyük nəticəsi olub:

"Məsələn, Azərbaycanın Ermənistan ərazisindən Naxçıvana dəhlizlə bağlanması başda erməni xalqı olmaqla regiondakı bütün xalqların sülh və rifah səviyyəsinə böyük töhfəsi olacaq. Digər tərəfdən, bu müharibədə Azərbaycanın qəhrəman əsgərləri Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri ilə yanaşı Hadrut, Mincivan, Ağbənd, Bartaz qəsəbələrini və 286 kəndi, aralarında Murovdağın da olduğu bəzi yüksəklikləri azad etdilər, Azərbaycan-İran sərhədini nəzarət altına almış oldular. Şuşada rəqs edən Ermənistan rəhbərliyi bu zəfər nəticəsində atəşkəs razılaşmasını imzalamağa məcbur qaldı və Kəlbəcər, Ağdam və Laçın rayonlarını da Azərbaycana təhvil verməli oldu".

Y.Topçu əlavə edib ki, iki ölkə arasındakı münasibətləri böyük Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadələrinə əsaslanır:

"Bizim qardaşlığımız və birliyimiz dünya var olduqca davam edəcək. Can Azərbaycanın zəfərləri daimi olsun. Bütün Qarabağa, mədəniyyətin beşiyi olan Şuşaya, Şuşada uyuyan Molla Pənah Vaqifə və Cıdır düzündə çiçəklənən xarıbülbülə salam olsun. Allah bütün şəhidlərimizə cənnəti qismət etsin, qazilərimizə xeyirli və uzun ömür bəxş etsin!"