Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu

Bakı. TurkicWorld:

Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb:

"Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb".