...

Prezident İlham Əliyev “Dəmir yumruq” əks-hücum əməliyyat planının detallarını açıqlayıb

Siyasət Digər xəbərlər 24 Sentyabr 2021 12:36
TurkicWorld Aytac Aliyeva
Prezident İlham Əliyev “Dəmir yumruq” əks-hücum əməliyyat planının detallarını açıqlayıb

Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı.

TurkicWorld-un məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

"Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər mənim tərəfimdən təsdiq olunurdu. Bu, təbiidir. Mən onu da bilirəm ki, Ermənistan tərəfinin müharibə ilə bağlı fəaliyyət planı vardı. Əslində, sentyabrın 27-də onlar həmin planı reallaşdırmağa başladılar. Beləliklə, müharibə dövründə bizim davranışımızın əsası, təbii ki, keçən il döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna dəyişikliklər edirdik. Bu, ilk növbədə, onunla bağlı idi ki, uzun illər ərzində informasiyanın azacıq da olsa sızmasından yaxa qurtarmaq mümkün deyildi. Biz güman edirdik ki, düşmən bizim nəzərdə tutduğumuz əməliyyatlar barədə ümumən məlumatlıdır. Döyüş əməliyyatları zonası yetərincə məhduddur və təbii ki, əsas əməliyyatların harada keçiriləcəyini hər bir hərbi mütəxəssis müəyyən edə bilər. Buna görə də biz döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edirdik. Mən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə hər gün müşavirələr keçirirdim. Biz həmin müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də, belə deyək, çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda, - hərbi əməliyyatların gedişi indi artıq məlumdur, - bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu.

Əməliyyatın adına gəldikdə isə, təbii ki, hərbi əməliyyatların başlanğıcında bizim əməliyyatın heç bir adı yox idi. Mən Azərbaycan xalqına müraciətlərim zamanı azad edilmiş şəhərlər və kəndlər barədə məlumat verərkən bir neçə dəfə “dəmir yumruq” ifadəsindən istifadə etmişəm. Mən bu termindən bir neçə dəfə istifadə edir və deyirdim ki, əgər düşmən işğal edilmiş bütün ərazilərdən xoşluqla çıxıb getməsə, bizim “dəmir yumruq” onun başını əzəcək. Bu termin Azərbaycan cəmiyyəti tərəfindən qəbul edildi və sonra mən qərara aldım ki, həmin termin, necə deyərlər, formallaşdırılsın və əməliyyatın adı olsun. Lakin bir daha deyirəm, bu, hərbi əməliyyatların gedişində olub".

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti