Ceyhun Bayramov Slovakiyalı həmkarı ilə görüşüb

Ceyhun Bayramov Slovakiyalı həmkarı ilə görüşüb

23 sentyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri İvan Korçok ilə görüşüb.

Xarici İşlər Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, görüş zamanı nazirlər əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparıblar. Siyasi və parlamentlərarası əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, humanitar, minalardan təmizləmə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Tərəflər, iki ölkə arasında münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib.

Nazir İvan Korçok münasibətlərin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıb. Bu xüsusda o, nazir Ceyhun Bayramovu Slovakiyaya dəvət edib.

O, həmçinin regionda davamlı sülh və təhlükəsizliyi təmin etmək üçün münaqişənin nəticələrinin aradan qaldırılması və siyasi dialoqun bərpa edilməsinin vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın 30 ilə yaxın həyata keçirdiyi işğalçı siyasətin ağır nəticələri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhdid olan mina təhdidi, habelə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri ilə bağlı ətraflı məlumat verib. Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğu qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparılıb.