Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş çoxsaylı soydaşlarımız var - Səbinə Əliyeva

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş çoxsaylı soydaşlarımız var - Səbinə Əliyeva

30 Avqust Beynəlxalq İtkin Düşmüşlər Günüdür. Dünyada belə bir günün qeyd olunmasında əsas məqsəd minlərlə itkin düşmüş, müharibə meydanında həlak olmuş naməlum şəxsin, tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli şəkildə öldürülmüş, yaşamaq, azadlıq kimi təbii hüquqları, ümumilikdə insan hüquqları pozulmuş şəxslərin xatirəsini yad etməkdir.

Bunu Turkic.World-ə müsahibəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. Həmin müsahibəni təqdim edirik:

- Bu gün Beynəlxalq İtkin Düşmüşlər Günüdür. Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsi zamanı çox sayda insanımız itkin düşüb. Onlar barəsində hansı məlumatlar var?

- Dünyada müharibələr zamanı itkin düşmüş şəxslərin dəqiq sayını obyektiv səbəblərlə əlaqədar göstərmək mümkün olmasa da, tam əminliklə qeyd etmək olar ki, hazırda bu qəbildən olan insanların sayı yüz minlərlə, bəlkə də milyonlarladır. Təəssüflə qeyd etmək istərdim ki, Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş hərbi təcavüzü nəticəsində itkin düşmüş çoxsaylı soydaşlarımız vardır. Onların ailələri daim böyük həsrət və iztirab içərisində öz əzizlərinin taleyi barədə məlumat almaq istəyirlər. Bu, onların hüququdur. Lakin Ermənistanın iştirakçısı olduğu beynəlxalq hüquq normalarını kobud şəkildə pozması səbəbindən onlar bu hüquqdan da məhrum olublar. Son məlumata görə 719 nəfəri mülki şəxs, 3171 nəfəri isə hərbçi olmaqla, ümumilikdə 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İtkin düşmüş mülki şəxslərdən 20 nəfəri qız olmaqla, 71 nəfəri uşaq, 154 nəfəri ahıl olmaqla, 267 nəfəri qadındır. Xüsusilə vurğulamaq istərdim ki, həmin 3890 nəfərdən 872 nəfərinin, o cümlədən 29 uşağın, 98 qadının, 112 ahıl şəxsin əsir-girov götürülməsi, yaşayış məntəqələri, kəndlər və şəhərlər işğal olunarkən öz evlərini tərk etməməsi və işğal ərazisində qalması faktı müəyyən edilib.

- Əsir və girov götürülmüş şəxslərin qaytarılması istiqamətində görülən işlərin nəticəsi necə olub? Bu illər ərzində nə qədər insan qaytarılıb?

- Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələrinə, toplanmış sübutlara baxmayaraq, Ermənistan Respublikası bu şəxslərin əsir-girov götürülməsi və saxlanması faktını qəsdən inkar edir. Təkzibedilməz faktlardan biri isə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 1998 və 2001-ci illərdə təqdim edilmiş məktublarda adı keçən və sağ olduğu təsdiqlənmiş 54 nəfər azərbaycanlı ilə bağlıdır. Həmin materiallara əsasən Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Ermənistan Respublikasında və bu ölkə tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş Qarabağ ərazisində saxlanıldıqları yerlərdə baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olmuşlar. Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfərin də həyatına Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən son qoyulmuşdur. Onlardan 17 nəfərinin nəşi qaytarılmış, aralarında 6 nəfəri qadın olmaqla 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, nəşləri qaytarılmamış, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməmişdir. Bu isə ciddi insan hüquqları pozuntusudur.

- Ermənilərin törətdiyi ən böyük vəhşilik Xocalı soyqırımıdır. Xocalı qətliamı zamanı da itkin düşənlərimiz olub. Onların taleyi barədə hansı məlumatlara sahibik?

- Ermənistan hərbçilərinin Azərbaycanın Xocalı şəhərini işğal etdikləri zaman soyqırıma məruz qoyduqları 613 Xocalı sakinindən 63 nəfəri azyaşlı uşaq, 106 nəfəri isə müxtəlif yaş hədlərində olan qadınlardır. 8 ailə tamamilə məhv edilmiş, 487 nəfərin aldıqları ağır bədən xəsarətləri səbəbindən əlilliyi müəyyən olmuşdur ki, onlardan da 76-sı uşaqdır. Hazırda 196 nəfər Xocalı sakini də, o cümlədən 13-ü qız olmaqla, 36 uşaq və 20-si ahıl olmaqla, 65 qadın itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Birinci Qarabağ müharibəsi dövründə Ermənistanın əsir-girovluğundan qurtulmuş insanların verdiyi ifadələr və jurnalist müsahibələri Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif tərkibli cinayətlərin, o cümlədən müharibə cinayətlərinin törədildiyini təsdiq edir. Yüzlərlə azərbaycanlıya əsir və girovluqda dözülməz fiziki və mənəvi-psixoloji işgəncələrlə aldığı ağır xəsarətlər nəticəsində sağlamlığını itirməsi səbəbindən ömürlük əlillik dərəcəsi təyin olunmuşdur. Bu gün də onlar fiziki və ya psixi sağlamlıqla bağlı problemlərdən əziyyət çəkirlər.

- Ermənistan tatəşkəs dövründə də mülki əhalinin girov götürülməsi fəaliyyətlərini davam etdirilib. Bununla bağlı hansı faktlar var?

- Ermənistan siyasi və hərbi rəhbərliyi yalnız Birinci Qarabağ müharibəsi dövründə deyil, tərəflər arasında atəşkəs elan olunduğu sonrakı illərdə də qeyri-qanuni olaraq Azərbaycanın mülki şəxslərini girov götürərək həbs edilməsinə rəvac verib ki, bu da açıq-aşkar dinc azərbaycanlılara qarşı nifrət siyasətinin həyata keçirildiyini sübut edir. Müxtəlif sosial şəbəkələrdə yayılan videolardan və Ermənistan hərbçilərinin etiraflarından aydın görünür ki, onlar xüsusi nifrət hissi ilə insanlıqdan kənar şəkildə həlak olmuş azərbaycanlı hərbçilərin nəşi üzərində alçaldıcı hərəkətlər edib və bu kimi halları paylaşmaqla gərginlik yaratmağa çalışıblar. Yaralanaraq əsir düşən azərbaycanlı hərbçilərin şəxsiyyətlərinin alçaldılması, işgəncələrə və müxtəlif təhqiredici hərəkətlərə məruz qoyulması, habelə yaralı əsgərlərin öldürülməsi, kütləvi dəfn faktları yayılan video və foto görüntülərdə öz əksini tapıb.

- Azərbaycan Respublikasının Ombudsmanı kimi fəaliyyətə başladıqdan sonra bu məsələ ilə bağlı hansı işlər görülüb?

- Qeyd edim ki, Azərbaycan Ombudsmanı olaraq, 2020-ci ilin 27 sentyabr tarixindən başlayan və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi dövründə hərbi əsirlərin vəziyyəti və onların qaytarılması ilə bağlı məsələləri daim diqqətdə saxladıq. Ombudsman olaraq, həmin vaxt erməni əsilli hərbi əsirlərlə görüşərək, onlara öz dillərində hüquqları barədə kitabçaları təqdim etməklə fərdi şəkildə qəbul etmiş və vəziyyətləri ilə maraqlanmışam. Həmin hərbi əsirlər özləri yaradılan şəraitdən razı qaldıqlarını təsdiq edib, ailə üzvləri ilə əlaqələri də təmin edilib. Eləcə də onların hər biri öz ölkəsinə qaytarıldı. Göründüyü kimi, müharibə dövründə Ermənistan tərəfinin azərbaycanlı hərbi əsirlərə qarşı nümayiş etdirdiyi münasibətdən fərqli olaraq, Azərbaycanda erməni əsilli hərbi əsirlərin müharibə zonasından təxliyə edilməsi, yaralı hərbçilərin müalicə üçün xəstəxanalara yerləşdirilməsi və sağlamlıq vəziyyətinin yaxşılaşdırılması kimi addımlar humanizm prinsipinə əsaslanıb.

- Qeyd etdiyiniz kimi, Ermənistan əsirlərlə davranış qaydalarını da kobud şəkildə pozub. Ümumiyyətlə əsir-girov götürülmüş şəxslərlə bağlı hansı beynəlxalq qaydalar var?

- Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrin, eləcə də 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə zidd olaraq, İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 7 nəfər hərbi qulluqçumuzun taleyi, habelə kütləvi dəfnlər həyata keçirdiyi yerlər barədə məlumat vermir. Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq, istər mülki, istərsə də hərbi qulluqçuların zorla yoxa çıxarılması sahəsində əməllərindən geri çəkilmir. İtkin düşmüş şəxslər barədə ailə üzvlərinə məlumatların verilməməsi isə həmin ailə üzvlərinin beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquqda təsbit edilmiş “ailə həyatına hörmət” prisipinin kobudcasına pozulmasıdır. Buraya həyatını itirmiş şəxslər barəsində məlumatlar da daxildir. “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasına əsasən münaqişənin hər bir tərəfi müharibə nəticəsində ayrı düşmüş ailə üzvlərinin bir-biri ilə əlaqə yaratmasına və əgər mümkündürsə, görüşmək üçün apardıqları axtarışa kömək göstərməlidir. Eləcə də münaqişənin qarşı tərəfi itkin düşmüş şəxsi axtarmağa yardım etmək öhdəliyini daşıyır. BMT-nin Baş Assambleyasının 1974-cü il 6 noyabr tarixli Qətnaməsində münaqişə tərəflərinə itkin düşmüş şəxslər barəsində məlumatların qarşılıqlı olaraq verilməsi tövsiyə olunub. Eyni zamanda BMT-nin İnsan Hüquqları Komissiyasının 2002-ci ildə qəbul etdiyi müvafiq Qətnamədə silahlı münaqişənin qarşı tərəfinin itkin düşmüş şəxslərin axtarışında iştirak etməsi bir öhdəlik olaraq nəzərdə tutulub. Vurğulamaq lazımdır ki, 1992-ci ildən itkin ailələrinə öz yaxınlarının taleyini öyrənmək sahəsində dəstək göstərən Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar itkin düşmüş şəxslərə dair məlumatın toplanması və mərkəzləşdirilməsi sahəsində mühüm funksiyaya malikdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin 2000-2003-cü illər üzrə Fəaliyyət Planının qəbul edilməsinə dair 1999-cu il Bəyannaməsinə müvafiq olaraq, itkin düşmüş şəxslər barəsində məlumatların onların ailələrinə verilməsi, ölmüş şəxslərin nəşlərinin müəyyən edilməsi, onların ailə üzvlərinə məlumatların verilməsi tələb kimi müəyyən edilib.

- Məsələnin beynəlxalq ictimaiyyətə çatdırılması və bu istiqamətdə müvafiq qərarların qəbul etdirilməsi istiqamətində hansı işlər görülür?

- Azərbaycan Ombudsmanı olaraq, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlamaqla, onlara qarşı işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza hallarının aradan qaldırılması, xüsusilə də azad edilərək ölkəmizə təhvil verilməsi istiqamətində fəaliyyətimizi beynəlxalq təşkilatlar, o cümlədən humanitar qurumlarla əməkdaşlıqda davam etdiririk. Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı tərəfimizdən BMT, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər səlahiyyətli beynəlxalq və regional təşkilatlara fərdi şəkildə müraciətlər ünvanlanıb. Qaldırdığımız bütün məsələlər çox ciddi insan hüquqları pozuntularıdır və konkret qərarların qəbulunu, tədbirlərin görülməsini tələb edir. Çünki tarixi torpaqlarının təqribən 20 faizi 30 ilə yaxın bir dövrdə Ermənistanın işğalı altında qalmış, bir milyondan çox vətəndaşı uzun illərdir ki, müxtəlif çətinliklərlə dolu qaçqın və məcburi köçkün həyatı yaşayan Azərbaycan Respublikası bu gün də ədalətsiz və əsassız olaraq məruz qaldığı hərbi təxribatların acı nəticələrindən əziyyət çəkir. Ermənistan silahlı qüvvələri “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə Konvensiyaları və onlara Əlavə Protokollarda təsbit olunmuş, münaqişə tərəflərinin hərbi əməliyyatlar zamanı legitim və qeyri-legitim hədəfləri fərqləndirməsini, mülki şəxsləri və obyektləri hədəfə almamasını nəzərdə tutan “fərqləndirmə prinsipini” (principle of distinction) kobud şəkildə pozaraq, Azərbaycana məxsus mülki obyektləri və şəxsləri hədəfə almaqdan çəkinməyib. Hərbi əməliyyatlara son qoymuş üçtərəfli bəyanatın tələblərinə zidd olaraq, Ermənistan tərəfindən qanusuz silahlı dəstələrin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən hələ də çıxarılmaması, əksinə oraya daha da çox silahlı hərbi qüvvələrin və texnikaların yeridilməsi, diversant qruplar tərəfindən bu günədək müxtəlif təxribatyönümlü hərəkətlərin edilməsi nəticəsində baş verən insan tələfatı regionda davamlı sülhün təmin olunmasına təhlükədir. Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar ötən illər ərzində əsir və itkin düşmüş, girov götürülmüş soydaşlarımızın taleyi barədə məlumatların verilməsinə, hələ də sağ qalanların qaytarılmasına, həlak olanların nəşlərinin verilməsinə yardımçı olmağa çağırıram. Gəlin, beynəlxalq hüquq normalarının təmininə birgə nail olaq və insan hüquqları pozuntularının qarşısını alaq!