Uğurlu məcburetmə taktikası - Azərbaycan söz sahibidir

Uğurlu məcburetmə taktikası - Azərbaycan söz sahibidir

Ermənistan və erməni lobbisinin “məğlubedilməzliyi” haqda yaradılan mifin darmadağın edildiyi Vətən müharibəsinin ildönümü yaxınlaşmaqdadır. Azərbaycan bundan sonra qonşu Ermənistanla müharibə, münaqişə, qarşıdurma deyil, məhz sülh müqaviləsinin imzalanmasını istəyir.

Belə ki, savaşın məntiqi sonluğu kimi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sərhədlərin delimitasiyası prosesi başlamalıdır. Bu proses bu günə qədər ləngisə də, bu gün Ermənistan parlamentinin iclasında çıxış edən baş nazir Nikol Paşinyan məsələ ilə bağlı hər iki tərəfin maraqlarına uyğun olan fikirlər səsləndirdi. Bildirdi ki, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası maksimum tez başlamalıdır. O, həmçinin etiraf edib ki, Ermənistandakı siyasi vəziyyətlə əlaqədar yazda planlaşdırılan nəticəni əldə etmək mümkün olmayıb. Baş nazir eyni zamanda Ermənistanın Azərbaycanla regional kommunikasiyaları bərpa etməyə hazır olduğunu bildirib.

Beləliklə, buradan belə bir nəticə çıxır ki, Ermənistanın sındırılmış, lakin əlacsız xalq tərəfindən təkrar seçilmiş və ayaqda durmağa çalışan yeni hökuməti artıq mövcud reallıqları dərk etmək məcburiyyətindədir.

Paşinyan daxili siyasi gərginliklə bağlı etirafı isə dolayısı ilə ölkədə ona qarşı olan, siyasi xəttinə əngəl törədən qaragüruh qüvvələrin olduğunü göstərir. Ermənistan hökuməti məğlub tərəf kimi, Azərbaycanla hesablaşmaq məcburiyyətinin ağırlığını öz çiyinlərində hiss etməkdədir.

Bu gün Azərbaycan Kəlbəcər, Laçın və Zəngəzurda dövlət sərhədini möhkəmləndirir və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanla sərhəddə söz sahibi məhz Azərbaycandır. Kimin nə deməsindən və nə etməsindən asılı olmayaraq, Azərbaycan öz doğrularını və təbii ki, haqq-ədaləti bərpa edir. Nə Ermənistanın, nə də onun havadarlarının cığallığının bir mənası yoxdur artıq.

Aydındır ki, bölgəyə uzunmüddətli sülhün gəlməsi üçün Ermənistan Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımalıdır. Digər tərəfdən, kommunikasiya yollarının açılması və Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, eləcə də Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi Azərbaycanla yanaşı, Ermənistanın da maraqlarına cavab verir. Çünki ermənilər də dəmir yolu ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada biləcəklər.

Tam əminliklə söyləmək olar ki, Ermənistanda bütün bunları çox gözəl anlayırlar, hətta təqdir edirlər. Sadəcə olaraq, ölkədə hökm sürən ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya insanları, hakim dairələri o dərəcədə zəhərləyib ki, onlar bu reallıqları qəbul edə bilmirlər.

Uzun illərdir “yenilməzlik” xülyası ilə bəslənən Ermənistan cəmiyyəti hazırda çətin bir psixoloji mərhələdən keçir. Odur ki, bir qədər zamana ehtiyac var. Zamana hökm edən isə əlbəttə ki, Azərbaycandır!

Elgun Mensimov