Dünya Azərbaycan hərbçilərinin Əfqanıstanda göstərdiyi insanlıq nümunəsini görür

Dünya Azərbaycan hərbçilərinin Əfqanıstanda göstərdiyi insanlıq nümunəsini görür

Bu gün Azərbaycan sülhməramlıları Əfqanıstanda xidməti vəzifələrini yerinə yetirirlər. Qüvvələrimizin fəaliyyəti müsbət qiymətləndirilir. Sosial şəbəkələrdə də bununla bağlı məlumat yayılıb. Hərbçilərimizdən birinin əfqan bir uşağa kömək etməsi, hətta öz formasını çıxarıb onun üzərinə salması dünya üçün bir insanlıq nümunəsi kimi səciyyələndirilib.

Bir müddət əvvəl Əfqanıstandan təxliyə olunan Türkiyə vətəndaşları da Kabil Hava Limanında onları ilk qarşılayanların Azərbaycan sülhməramlıları olduğunu bildirmiş və olduqca yüksək insani münasibət göstərdiklərinə görə təşəkkür etmişdilər. Xatırladaq ki, ötən gün NATO-nun Baş katibi Yens Stoltenberq də çıxışında sülhməramlıların Əfqanıstandakı fəaliyyətinə toxunmuş və Azərbaycan sülhməramlılarına da müsbət xidmətlərinə görə təşəkkür etmişdi.

Bunlardan əlavə azərbaycanlı sülhməramlılar BMT və digər beynəlxalq təşkilatların 100-dən çox əməkdaşının və 100-ə yaxın Fransa vətəndaşının Kabildən təhlükəsiz şəkildə çıxarılmasını təmin ediblər.

Azərbaycan sülhməramlıları 100-ə yaxın Fransa vətəndaşının Kabildən təhlükəsiz şəkildə çıxarılmasını təmin edirlər - ŞƏRH

Məsələ ilə bağlı Turkic.World-ə açıqlama verən politoloq Elxan Şahinoğlu da Əfqanıstandakı qüvvələrimizin fəaliyyətinin müsbət qiymətləndirildiyini deyib. Bildirib ki, sülhməramlılarımız hazırda Əfqanıstanda əsl insanlıq nümunəsi göstərirlər.

"Bu gün Əfqanıstanda vəziyyət qarışıqdır. Heç kim gözləmirdi ki, Taliban belə qısa müddətdə paytaxtı və bütün ölkəni nəzarət altına ala bilər. Lakin bu baş verdi. Bu, baş verərkən də bütün ölkələrin sülhməramlıları, o cümlədən Azərbaycan sülhməramlıları orda idi. Aylar öncə də belə bir təklif irəli sürmüşdüm ki, əgər Türkiyə sülhməramlıları Kabil hava limanını qoruyacaqlarsa, Azərbaycan sülhməramlıları da türk qardaşlarımızla birgə xidmət etməlidirlər. Deyilən də oldu. İndi Azərbaycan sülhməramlıları ancaq Kabil hava limanındadır və türkiyəli sülhməramlılarla birgə xidmət edirlər. Azərbaycan hərbçisi dünyaya əsl insanlıq nümunəsi göstərir. Daha əvvəl Fransa vətəndaşlarının təhlükəsiz çıxarılması, BMT nümayəndələrinin çıxırarılması və bu gün sosial mediada yayılan görüntülər bunun bariz nümunəsidir".

NATO Baş katibi Kabil hava limanının təhlükəsizliyini təmin etməsinə görə Azərbaycana təşəkkürünü bildirib

Politoloq həmçinin qeyd edib ki, Taliban hələ xarici qüvvələrin çıxmasını tələb etmir, lakin sentyabrın 1-nə qədər vaxt verib. Əgər Taliban sülhməramlıların qalmasını istəməsə, təbii ki, heç kim zorla orda qalmayacaq:

"Artıq ABŞ da bölgəni tərk edib. Kabil hava limanında çox kiçik sayda qüvvəsi var və güman ki, təxliyədən sonra onlar da ölkəni tərk edəcəklər. Talibanla Türkiyə arasında razılaşma olmasa, Türkiyə də sentyabrın əvvəlinə kimi Kabil hava limanını tərk edə bilər. Yox, əgər, razılaşma olsa, xidmətlərinə davam edəcəklər. Əsas odur ki, bu xidmət əfqan xalqının xeyrinə olsun. Əgər istəsələr biz orda qalacağıq, istəməsələr tərk edəcəyik".