Rusiya sülhməramlısının etirafları: Qarabağdakı ermənilər üçün biz gəlir mənbəyiyik...təxribatları göz qabağındadır

Rusiya sülhməramlısının etirafları: Qarabağdakı ermənilər üçün biz gəlir mənbəyiyik...təxribatları göz qabağındadır

"Telegram" kanallarından biri Azərbaycanın azad edilmiş ərazilərində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarından birinin yazıya aldığı müşahidələrini yayımlayıb.

Turkic.World-un məlumatına görə, paylaşımda Rusiya sülhməramlısı ermənilərin onlara münasibətindən və Azərbaycanın qələbəsindən sonra yaranmış vəziyyətə olan baxışından bəhs edib. Sülhməramlı bildirir ki, ermənilərin bir hissəsi onları məğlubiyyətə görə ittiham edir, digər bir hissəsi isə məsələyə fərqli yanaşır:

"Yerli sakinlər haqqında bir şey deyə bilərəm - onlar ermənilərdir ... Biz isə onlar üçün çox yaxşı gəlir mənbəyiyik. Onların yaşayış səviyyəsi aşağıdır. Bizim postların yanında, mağazalar dərhal açılır. Ermənistan tərəfində müharibəyə qarışmadığımız üçün onlara xəyanət etdiyimizi düşünənlər var ".

Ermənilərin törətdiyi təxribatlara da toxunan sülhməramlı bildirir ki, erməni tərəfinin təxribatı göz qabağındadır.

Qeyd edək ki, sülhməramlının müşahidələrinin Telegram kanalında yayılması qızğın müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Turkic.World-ə açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib ki, Ermənistan Qarabağdakı etnik ermənilərin qida problemini belə həll etmək iqtidarında deyil. Rusiya sülhməramlı əsgərinin etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərindəki vəziyyətlə bağlı səsləndirdikləri fikirlər reallığı əks etdirir və Ermənistan sülh sazişindən imtina etdikcə bu vəziyyət daha da pisləşəcək.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyində də, işğalçı və qondarma rejimin girovluğunda yaşayan ermənilər acınacaqlı vəziyyətdə yaşayırdılar:

"Müharibə caniləri Azərbaycan ərazilərini istismar edir, sərvət toplayır və ərazilərimizdə yaşayan, yaxud məskunlaşan erməniləri səfalət içərisində yaşadırdılar. Bu gün iqtisadiyyatı çökmüş, ordusu darmadağın edilmiş və Azərbaycanla, Türkiyə ilə münasibətləri normalaşdırmadan heç bir inkişaf perspektivi olmayan Ermənistan Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin nəinki sosial, heç qida ilə bağlı belə problemlərini həll etmək iqtidarında deyil. Məhz bu səbəbdən, diqqəti acınacaqlı sosial durumdan yayındırmaq üçün məqsədyönlü şəkildə qarışıqlıq yaratmağa, sərhədlərin müəyyənləşdirilməsi məsələsini qabartmağa çalışırlar.

Hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki ermənilərin real sayı da sübuta yetirir ki, onlar ilk əlverişli imkan yarandıqda bu əraziləri tərk edir və başqa ölkələrə üz tuturlar. Gedə bilməyənlərə isə maneə yaradan COVİD-19 pandemiyası və maddi vəziyyətlərinin acınacaqlı olmasıdır".

Politoloq həmçinin qeyd edib ki, hazırda etnik ermənilərin yaşadığı ərazilərin Ermənistanla nə coğrafi, nə iqtisadi baxımdan heç bir bağlılığı yoxdur:

"Bu ərazilərin iqtisadiyyatı yalnız coğrafi baxımdan aid olduqları Qarabağın digər əraziləri ilə iqtisadi inteqrasiya şəraitində inkişaf edə bilər. Bu səbəbdən də, yeganə çıxış yolu, Ermənistanın sülh sazişinin tez bir zamanda imzalanması üçün müvafiq addımlar atmasında və Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin mümkün qədər tez Azərbaycan cəmiyyətinə, ölkəmizin iqtisadi sisteminə inteqrasiya olunmasındadır".