Türkiyə və Ukrayna prezidentləri "taxıl dəhlizi"ni müzakirə ediblər

Türkiyə və Ukrayna prezidentləri "taxıl dəhlizi"ni müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə cümə günü Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumata əsasən, telefon danışığı zamanı Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı hadisələr, eləcə də "taxıl dəhlizi" müzakirə olunub.

Prezident R.T.Ərdoğan Ukrayna limanlarından taxıl ixracına dair İstanbul sazişinin uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə V.Zelenskiyə təşəkkür edib.

Türkiyə lideri qeyd edib ki, tərəflər "taxıl sazişi" və əsirlərin mübadiləsi ilə bağlı müsbət təcrübə qazana biliblər.

O bildirib ki, bu cür qarşılıqlı anlaşmanın ilk növbədə atəşkəslə bağlı danışıqlara da təsir etməsi bütün maraqlı tərəflərin xeyrinə olacaq.

V.Zelenski də öz növbəsində "Twitter" hesabında Türkiyə Prezidenti ilə telefon danışığının nəticələrini şərh edib.

Onun sözlərinə görə, söhbət zamanı "taxıl sazişi"nin uzadılması ilə bağlı razılığın əldə olunması yüksək qiymətləndirilib.