Türkiyəli kapitan: "Azərbaycanın yanğınsöndürənlərinin yardımı əhvalımızı yaxşılaşdırır"

Türkiyəli kapitan: "Azərbaycanın yanğınsöndürənlərinin yardımı əhvalımızı yaxşılaşdırır"

MHP-nin Bodrum rayon təşkilatının sədri, “Turkish Sea Lines”ın sahibi Asım Başaran Türkiyədəki yanğınlarla bağlı danışıb.

Turkic.World xəbər verir ki, o, yanğınsöndürmə təyyarələrinin yetərsizliyi səbəbindən yanğınlara vaxtında müdaxilə edə bilmədiklərdən narahat olduğunu bildirib:

“Təəssüf ki, yanğınlar hələ də nəzarət altına alına bilmir. Bodrumun şimal tərəfində - Mazı və Çökərtmə bölgələrindəki yanğın küləyin təsiri ilə istiqamətini dəyişərək təsirini davam etdirir. Bütün rəsmilər ərazidəki yanğınla mübarizə aparır. Bodrumun mərkəzində heç bir problem yoxdur, lakin vicdan sahibi olan hər kəsin əhvalı pisdir. Xalqımız soruşur ki, niyə təyyarə və helikopter çatışmazlığı yaşanır? Çünki hər il baş verən bu yanğınlar Ağdəniz ölkələrinin qaçılmaz taleyidir, ancaq yanğınsöndürən təyyarə və helikopterlərimizin yetərli sayda olmaması təəssüf doğurur".

Asım Başaran FHN əməkdaşlarının Türkiyədəki fəaliyyətini xüsusi vurğulayıb:

"Qardaş ölkə Azərbaycanın yanğınsöndürənlərinin yardımları əhval-ruhiyyəmizi yaxşılaşdırır. Ancaq təəssüf ki, başqa ölkələrdən yardım görmürük. Bu hökumətin siyasətidirmi, ya dünyanın duyarsızlığıdırmı, bilmirik".