Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi Türkiyədəki yanğınla bağlı yardım kampaniyasına qoşulub

Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi Türkiyədəki yanğınla bağlı yardım kampaniyasına qoşulub

İyul ayının ortalarında Türkiyənin müxtəlif bölgələrində çıxan meşə yanğınları, isti havanın və küləyin təsiri ilə sürətlə yayılmağa başlayıb. Yanğının çıxdığı əsas bölgələrdən biri də, Antalyaya bağlı Manavqat rayonudur. Manavqatda baş verən meşə yanğınları az müddətdə böyük sahələri əhatə edərək yaşayış yerlərinə qədər gəlib. Yanğın bölgələrindən əhalinin sürətlə təxliyəsi başlayıb. Evləri, təsərrüfatları və bütün əşyaları yanan insanlar üçün Antalya bələdiyyələri yardım kampaniyalarına başlyıblar.

Təbii olaraq Antalyada yaşayan azərbaycanlılar da, bu kampaniyadan kənarda qalmayıblar və qardaşlarına yardım üçün səfərbər olublar. Həmyerlilərimizin dərnəyimizə olan çoxsaylı müraciətlərini nəzərə alaraq, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin Yönətimi bu kampaniyaya qoşulmaq qərarı alıb.

Qurumdan Turkic.World-ə verilən məlumata görə, dərnək yönətiminin, üzvlərinin və yardımsevər həmyerlilərimizin səyləri nəticəsində az müddətə çox miqdarda yardım vasitələri, quru və konserv yeməklər, geyim əşyaları, uşaq bezləri, tibbi ləvazimatlar, gigiyenik vasitələr, uşaq yeməkləri, təmizlik vasitələri, ərzaq saxlama qabları və s. toplanıb.

Dərnəyin sədr müavini Azər İsmayıl və Yönətim üzvləri, ilk yardım vasitələrini 31 iyul tarixində Antalya Muratpaşa Bələdiyəsinin Yardım Toplama Mərkəzinə təhvil veriblər.

İkinci yardım vasitələri dərnək sədri Ceyran Səttarova və dərnəyin fəal üzvü Sevinc Ələkbərovanın iştirakı ilə 2 Avqust tarixində Antalya Böyükşəhər Bələdiyyəsinin Yardım Toplama Mərkəzinə təhvil verilib. Yardımlarımız davam edəcək. Azərbaycan Türkiyə qardaşlığı hər zaman və həryerdə özünü ən gözəl şəkildə göstərir. Türkiyə Cümhuriyyəti hər zaman Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da, hər zaman Türkiyənin yanındadır. Biz birlikdə güclüyük.