Nensi Pelosinin Ermənistana səfəri Cənubi Qafqazda sülhün olmasına maneə yaratmaq niyyətini güdür

Nensi Pelosinin Ermənistana səfəri Cənubi Qafqazda sülhün olmasına maneə yaratmaq niyyətini güdür

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və bu səfər çərçivəsində səsləndirdiyi fikirlər bölgədəki reallıqları kobud və qərəzli şəkildə təhrif etməklə yanaşı, Cənubi Qafqazdə davamlı sülhün, sabitliyin təmin olunmasına maneə yaratmaq, separatizmi stimullaşdırmaq, xalqlararası ədaləti qızışdırmaq, ziddiyyətləri dərinləşdirmək niyyəti güdür.

İrəvanda Ermənistanın ərazi bütövlüyü ilə bağlı ikrah doğuran, Cənubi Qafqazdakı reallıqlardan məlumatlı olmayan insanların hisslərinə təsir göstərmək məqsədi daşıyan saxta sentemental-emosional mim və jestlərin müşayiəti ilə bəyanatlar verən Nensi Pelosinin 30 ilə yaxın zaman kəsiyində işğal altında olan Azərbaycan ərazilərinə münasibətdə təcavüzkara dəstək verməsini, düşünürəm ki hər kəs xatırlayır. Pelosi Azərbaycanlılar soyqırımına məruz qalanda, evləri, yurd yerləri, ziyarətgah və ibadətgahları, doğmalarının məzarları dağıdılanda da ermənilərin, yəni müharibə cinayətkarlarının, uşaq və qadın qatillərinin, terrorçuların, vandalların yanında idi və bəlkə də ultramillətci ermənilərin, daşnak və "Qncak"çıların, ASSALA terrorçularının Azərbaycanlıları yer üzərindən silmək planlarına ən müxtəlif yollarla əməli dəstək verirdi. Çünki belələri üçün bəşəri dəyərlər, humanizm prinsipləri yalnız öz maraqları tələb edəndə yada düşür. Xanım Pelosinin indiki halda yırtıcılara "məzlum" donu geyindirmək niyyəti güdən saxta göz yaşlarının nə zamansa dünyanın müxtəlif ölkələrində icra olunan müharibə ssenarilərin qurbanı olan günahsız insanlar, körpələr və qadınlar üçün axdığının şahidi olmamışıq. Nə Xocalıda, nə də digər Azərbaycan ərazilərində erməni vəhşiliyinin qurbanı olan günahsız körpələr üçün Nensi Pelosi və onun kimilərinin kədərləndiklərini belə görməmişik. İraqda, Suriyada, Liviyada, Əfqanıstanda, Yəməndə "raketlər üzərində daşınan demokratiya"nın qurbanı olan, əlsiz-ayaqsız qalan körpələr üçün üz cizgilərini pozmayan Nensi Pelosinin Ermənistandakı kimi olmasa da, ötəri narahatlığını dilə gətirdiyini də müşahidə etməmişik. Riyakarlıq göz qabağındadır. Amma göz önündə olmayan, ABŞ-da keçiriləcək seçkilərdə ermənilərin səsinin və dəstəyinin alınmasına hesablanmış daha böyük bir riyakarlıq da var. Və xanım Pelosinin İrəvanda gah gülüb, gah da qəfildən "ağlamasının", haldan hala düşməsinin səbəbi də seçkilər və seçki fondu üçün gərəkli olan vəsaitlərdir. Yəni, Nensi Pelosi heç ermənilər üçün də ağlamır. Öz gününə ağlayır…

Elçin Mirzəbəyli