Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb (FOTO)

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb (FOTO)

Bakı. TurkicWorld:

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir.

TurkicWorld xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb.

Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib.

Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib.

Daha sonra “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol geyimi inşa edilib, asfalt-beton örtüyü döşənib, yol çiyinləri bərkidilib.

Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılıb.

Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib.

Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.