Azərbaycanlı rejissorun Türkiyə üçün hazırladığı film Los Anceles mükafatına layiq görülüb

Azərbaycanlı rejissorun Türkiyə üçün hazırladığı film Los Anceles mükafatına layiq görülüb

Bakı. TurkicWorld:

Azərbaycanlı rejissorun Türkiyə üçün hazırladığı film Los Anceles Sənədli Film Festivalında "Ən yaxşı ətraf mühit filmi" mükafatına layiq görülüb. TurkicWorld-un məlumatına görə, “Pembe Misafirler” adlı filmdə həm flaminqoların, həm də Türkiyənin İzmir şəhərində yerləşən Gediz Deltasının üzləşdiyi ekoloji problemlərdən bəhs edilib.

Sənədli film bu ilin əvvəlində Berlin Müstəqil Film Festivalında ön seçimdən keçərək fevralın 14-də kinoteatrlarda nümayişə başlayıb.

Qeyd edək ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi, Təbiəti Mühafizə Dərnəyi və İzmir Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanan filmin rejissorları Murad Məmmədov və Pelin Turqutun, prodüserləri isə Ahmet Utku Soylu və Antalya Quşların Müşahidə Asosiasiasının üzvü Gökçe Coşkundur.

"Gediz Deltası Türkiyədə flaminqoların məskunlaşdığı iki mühüm bölgələrdən biridir. Qlobal istiləşmə, quraqlıq, bölgədəki su yollarının çirklənməsi və insanlar tərəfindən yaradılan süni adalar nəticəsində canlıların yaşayış yerlərinin itirilməsi təbii quruluşa zərər verir. " – deyə Coşkun bildirib.

O qeyd edib ki, Gediz deltası və flaminqoların yaşadığı problemlərə diqqət çəkmək və bunların həlli istiqamətində addımlar atmaq və insanları bu cür məsələlərlə bağlı maarifləndirmək olduqca vacibdir.

“Biz bu cür uğur əldə edərək, həm təbiətimizin yaşadığı problemleri, həm də ölkəmizin gözəlliklərini dünyaya tanıtmaqdan qürur hissi duyuruq.” – deyə Coşkun vurğulayıb.