Bu ilin sonuna qədər 150 neft quyusu açmağı hədəfləyirik - Ərdoğan

Bu ilin sonuna qədər 150 neft quyusu açmağı hədəfləyirik - Ərdoğan

Bakı. TurkicWorld:

Bu ilin sonuna qədər daha 150 quyu açmağı hədəfləyirik, TurkicWorld-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyənin dördüncü qazma gəmisi "Abdülhamid Han"-nın yola salınma mərasimi zamanı deyib.

“Yerli neft hasilatımız 65 min barrelə çatıb. Məqsədimiz ilin sonuna qədər daha 150 quyu açmaq və bu rəqəmi eksponent olaraq artırmaqdır.” – deyə president bildirib.

Dövlət başçısı qeyd edib ki, yeni quyuların açılması, habelə, əvvəllər açılmış və qapalı quyuların fasiləsiz olaraq yenidən hasilata qaytarılması istiqamətində fəaliyyətlər davam etdirilir.

“Qlobal iqtisadi böhran dövründə silaha çevrilmiş təbii qaz və neft ehtiyatlarımızı nə qədər tez artıra bilsək, bu böhran vəziyyətində bir o qədər üstünlük əldə edəcəyik. Biz bu araşdırmaları həm enerji təhlükəsizliyimizin təmin olunması, həm də cari kəsirimizin bağlanması baxımından çox vacib hesab edirik. 2022-ci il üzrə enerji xərclərimizin təkcə 100 milyard dollara çatacağını nəzərə alsaq, aparılan işlərin və əldə edilən nəticələrin mənasını anlamaq daha yaxşı olacaq.” – deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, texniki təchizat və fiziki xüsusiyyətləri ilə diqqət çəkən “Abdülhamid Han” gəmisinin uzunluğu 238 metr, eni 42 metr, hündürlüyü isə 112 metrdir.
Gəmi 12 min 200 metr dərinlikdə qazma qabiliyyətinə malikdir.

200 nəfərlik ekipaj tutumu olan 9 mərtəbəli gəmidə helikopter meydançası da var.

Xatırladaq ki, gəminin missiyası Aralıq dənizinin Şərqində yerləşən Yörüklər-1 sahəsində oktyabr ayının 7-nə qədər davam edəcək.