Ombudsman ictimai müzakirədə çıxış edib (FOTO)

Ombudsman ictimai müzakirədə çıxış edib (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Ədliyyə Nazirliyi və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” adlı ictimai müzakirə keçirilib.

40-dan çox dövlət qurumu, mediasiya təşkilatı, vətəndaş cəmiyyəti institutunun təmsil olunduğu tədbirdə Ombudsman Səbinə Əliyeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Mediasiya Şurasının sədri Nadir Adilov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəsi Quido Ambroso çıxış ediblər.

Ombudsman Səbinə Əliyeva ictimai müzakirədə açılış nitqi ilə çıxış edərək, əmək hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyət, bu məqsədlə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla yaradılmış əlaqələr və həyata keçirilən layihələr barədə məlumat verib. Çıxış zamanı həmçinin Ombudsmanın ünvanına daxil olan şikayətlərdə yer alan əsas problemlər və onların həlli məqsədilə görülən işlər diqqətə çatdırılıb. Ombudsman çıxışında əmək hüquqlarının təmini sahəsində təsisatın əsas fəaliyyət istiqamətlərindən biri olan “Biznes və insan hüquqları” sahəsində həyata keçirilən fəaliyyət barədə də məlumat verib. Bununla yanaşı, Ombudsman tədbirdə əmək hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra təklif və tövsiyələrini səsləndirib.

S.Əliyeva Ombudsman təsisatı ilə Mediasiya Şurası arasında da bu sahədə sıx əməkdaşlığın formalaşdığını əlavə edərək, əmək mübahisələrinin həllində işçi və işəgötürən maraqlarının balanslaşdırılması baxımından mediasiyanın rolunun əhəmiyyətinə toxunub.

Daha sonra çıxışlar zamanı mübahisələrin məhkəməyəqədər həlli mexanizmlərinin effektivliyi, bu sahədə aidiyyəti dövlət qurumlarının, mediasiya təşkilatlarının və işəgötürənlərin rolu, mövcud maneələr və onların aradan qaldırılması yolları, habelə gələcək əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb.

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.