“TEKNOFEST Azərbaycan” çərçivəsində “Rocket League” üzrə Avropa çempionatına start verildi (FOTO)

“TEKNOFEST Azərbaycan” çərçivəsində “Rocket League” üzrə Avropa çempionatına start verildi (FOTO)

Bakı. TurkicWorld:

Azərbaycan da daxil olmaqla Avropanın 10 ölkəsini təmsil edən kiber atletlər “Rocket League” yarışı üzrə mübarizəyə başladılar.

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Rocket League” üzrə Avropa çempionatı start götürüb.

“Rocket League” üzrə Azərbaycan, Macarıstan, Lüksemburq, Monako, Niderland, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 30 iştirakçı 10 komandada təmsil olunmaqla mübarizəyə başlayıblar.

Avropa Kiber İdman Federasiyası da daxil olmaqla Milli Federasiyalardan ümumilikdə 21 nümayəndə yarışları izləmək üçün Bakıda rəsmi səfərdədir.

Qeyd edək ki, çempionatın təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.

"Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.