Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib

Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib

Bakı. TurkicWorld:

Bakı Ali Neft Məktəbinin (BANM) 16 komandası Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”də final mərhələsinə yüksəlib. BANM təmsilçiləri 8 müsabiqə üzrə finala çıxıblar.

“Yaşıl texnologiyalar” müsabiqəsi üzrə 8 komanda, “Aqrar texnologiyalar” üzrə 2 komanda, “Bakuskills” üzrə 1 komanda, “Robototexnika” üzrə 1 komanda, “Sosial yönümlü texnologiyalar” üzrə 1 komanda, “Pilotsuz uçuş aparatları” üzrə 1 komanda, “Cansat” üzrə 1 komanda, “Planer” üzrə 1 komanda “Teknofest”in final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, BANM-in “Həkəri” komandası “Aqrar texnologiyalar” və “Sosial yönümlü texnologiyalar” üzrə, “Oğuz” komandası isə “Robotexnika” və “Planer” üzrə 2 müsabiqədə finala vəsiqə qazanıb.

“Yaşıl texnologiyalar” üzrə final mərhələsinə yüksələn 10 komandadan 8-i BANM-i təmsil edir. Bu göstərici ali məktəblər arasında yalnız BANM-ə aiddir.

Final mərhələsinə yüksələn komandalar bunlardır:

“Yaşıl texnologiyalar” üzrə - “Murov”, “Xudayar”, “Atəşgah”, “Gülüstan”, “Xəzri”, “Turan”, “Topxana”, “Qızılağac”

“Aqrar texnologiyalar” üzrə - “Həkəri”, “Xəmsə”
“Bakuskills” üzrə - “Şuşa qalası”
“Robototexnika” üzrə - “Oğuz”
“Sosial yönümlü texnologiyalar” üzrə - “Həkəri”
“Pilotsuz uçuş aparatları” üzrə - “Murov qartalları”
“Cansat” üzrə - “İstiqlal”
“Planer” üzrə - “Oğuz”

Xatırladaq ki, Bakıda keçirilən “Teknofest” festivalı “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.