Almaniya Ukrayna və Yaxın Şərq qaçqınları arasında (TƏHLİL)

Almaniya Ukrayna və Yaxın Şərq qaçqınları arasında (TƏHLİL)

İsmayıl İsmayılov / TurkicWorld

Suriya ilə 1952-ci ildən başlayan siyasi-iqtisadi münasibətlər qısa bir zamanda Avropada Almaniyanı bu dövlət ilə ən güclü əlaqəyə sahib olan ölkə durumuna gətirib çıxarmışdı. Lakin Ərəb baharının (2011) Suriyaya da sıçraması və artıq 11 ildən çoxdur davam edən Suriya vətəndaş müharibəsi Almaniyanı bu ölkəyə qarşı olan siyasətini dəyişdirməyə vadar etdi.

İlk başlarda Almaniya höküməti baş verən hadisələrə məsafəli yanaşırdı. Lakin zaman getdikcə müharibənin uzanması və münaqişəyə Bəşər Əsəd rejimini dəstəkləyən Rusiya və Çin kimi böyük aktyorların qoşulması vəziyyəti kökündən dəyişdi.

BMT-nin məlumatlarına görə müharibə nəticəsində 11 milyondan çox suriyalı başqa ölkələrə qaçqın kimi sığınmış, yarım milyona yaxın insan isə həlak olmuşdur. Heç şübhəsiz ki Almaniya miqrant problemi ilə ən çox üz-üzə qalan Avropa ölkəsi oldu və hələ də olmaqda davam edir. Merkel höküməti 2015-ci ildə humanitar prinsiplər əsasında bir milyona yaxın qaçqının (əsasən Suriya, İraq, Əfqanıstan) ölkəyə girişinə icazə verdi. Alman onlayn statistika platformu – „Statista“-nin verdiyi məlumata görə 2021-ci ilin sonlarında ölkədə təxminən 868 000 suriyalının olduğunu göstərilir. Lakin, qeyri-rəsmi rəqəmlərin bunun üstündə olduğu deyilir.

Artan miqrant böhranı və uğursuz Suriya siyasəti 16 illik Merkel erasının başa çatmasında əsas faktorlardan biri idi. Yeni qurulan Almaniya hökümətinin qarşısında isə artıq yalnız Suriya problemi deyil, həmçinin Ukrayna və Əfqanıstan məsələləri də durur.

Hər nə qədər də Ukraynada baş verənlərin fonunda Suriya, İraq və Əfqanistan məsələləri dünya gündəmindən unudulsa da, bu ölkələrdən olan milyonlarla qaçqın Türkiyə, Livan, İran, Balkan ölkələri, Yunanıstan və Belarus-Polşa sərhədində Avropaya, xüsusən də Almaniyaya getmək üçün can atırlar. Əlbəttə ki hal-hazırda Avropa ölkələrində Ukraynalı qaçqınlara olan münasibət Yaxın Şərqdən olanlara nisbətdə tamam fərqlidir. Lakin bir müddət sonra onlara olan bu „xüsusi“ münasibət də dəyişəcək və yeni miqrant böhranında göstərilən bu ikili standartlar öz fəsadlarını gec-tez göstərəcəkdir. Unutmaq olmaz ki müharibə insan psixologiyasını tamamilə dəyişir. Qaçqın milliyyətindən, dilindən, dinindən, dərisinin rəngindən və gəldiyi ölkədən asılı olmayaraq hər yerdə, hər zaman qaçqındır. Ukraynalı qaçqının yaşadıqları bir suriyalının və ya bir əfqanın yaşadıqları ilə eynidir.

Görünən odur ki, bu miqrant böhranı Almaniya da daxil olmaqla, bütün Avropa cəmiyyətində hələ daha uzun müddət dərin izlər buraxacaq.
Son 11 ildə qaçqınların inteqrasiyası üçün xərclənən vəsaitlər, edilən maddi yardımlar bu məsələnin kökündən həll olmasında heç bir ciddi tövhə verməyib. Məsələnin həlli isə, yalnız və yalnız, qaçqınların gəldikləri ölkələrdə siyasi istiqrarın sağlanması və bundan sonra miqrantların öz vətənlərinə qayıtmaları və orada təhlükəsiz yaşamaları üçün köməklik göstərməklə mümkündür.