Şuşadakı beynəlxalq festival haqqında bütün dünya bilməlidir - İtaliyalı kulinar (FOTO)

Şuşadakı beynəlxalq festival haqqında bütün dünya bilməlidir - İtaliyalı kulinar (FOTO)

Şuşa. TurkicWorld:

Şuşada birinci Beynəlxalq Kulinariya Festivalı haqqında bütün dünya bilməlidir.

Bunu TurkicWorld-ə məşhur italiyalı kulinar, beynəlxalq səviyyəli usta Flavio Basatti deyib.

"Mən Azərbaycana birinci dəfədir ki, gəlmişəm. Burada hər şey çox xoşuma gəlir. Mən iki gün Neapolla qardaşlaşmış şəhər Bakıda oldum, indi isə gözəl kulinariya bayramının təşkil olunduğu Şuşadayam. Bir çox ölkələrdə və beynəlxalq festivallarda olmuşam. Şuşadakı bu festival özünəməxsusluğu ilə seçilir. Festivalda bir çox ölkələrdən məşhur kulinarlar iştirak edir. Mən Şuşa haqqında çox oxumuşam və eşitmişəm. Amma gördüklərim bütün sözləri kölgədə qoyur. Burada çox gözəl mühit, təmiz hava və təbiət var! Bu festival ənənə halını almalıdır", - deyə o bildirib.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak edir.