MDB ölkələrində bu sanksiyaların ayaq səsləri eşidilir

MDB ölkələrində bu sanksiyaların ayaq səsləri eşidilir

Bakı. TurkicWorld:

“Bu gün İraqın ən stabil bölgələrindən biri kürd administrasiyasının paytaxtı olan Ərbil şəhəri hesab olunur. Bunun da müxtəlif səbəbləri var. Çünki ABŞ-ın burada ciddi iqtisadi və enerji maraqları var, eyni zamanda buranın nəzarəti peşmərgə qüvvələrindədir. Hesab etmirəm ki, buranın vurulması ABŞ-ın Rusiya neftinə alternativ axtarışlarına əngəl kimi dəyərləndirilməlidir”.

TurkicWorld bildiri ki, bu fikirləri Publika.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici layihələr direksiyasının rəhbəri, Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu deyib.

Ekspertin sözlərinə görə, ABŞ Küveyt, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrindən rahatlıqla xam neft əldə edir: “Yəni, belə olan halda Ərbilin vurulması Amerikaya ixrac olunacaq neftin həcminə təsir etməyəcək. Burada başqa bir məqam var. O da Rusiya ilə həmrəylik nümayiş etdirmək istəyən İran faktorudur. Daha doğrusu, Rusiya dünyaya və birbaşa NATO qüvvələrinə göstərmək istəyir ki, Ukrayna məsələsində aktivlik olarsa, yaxud NATO-nun başqa planları dövriyyəyə girərsə, artıq Yaxın Şərqdə Amerikaya qarşı ikinci bir cəbhə açılacaq. Biz Ərbilin vurulması ilə o ikinci cəbhənin qapısının açıldığını görürük. Digər tərəfdən, Rusiya Yaxın Şərqdəki maraqlarını gizlətmir. Təəssüflər olsun ki, bu gün başda Livan olmaqla Suriya və İraqdan, rəsmi təsdiqini tapmasa da, hətta Yəməndən bəzi silahlı qüvvələrin Ukrayna ərazisinə gətirildiyini eşidirik”.

Ekspert əlavə edib ki, ruslar üçün Suriyadan və xüsusilə Livandan Ukraynaya muzdlu döyüşçülər göndərilir: “Bu qüvvələr uzun müddət silahlı münaqişələrdə iştirak etməyən Rusiya ordusundan fərqli olaraq şəhər şəraitindəki döyüşlərdə daha təcrübəlidirlər. Biz bunu Suriyada da gördük. Düşünürəm ki, Ukraynada baş verənlər Yaxın Şərqdə öz əksini tapacaq. Bu da xüsusilə Suriyada, Livanda, həmçinin İranın müdaxilə etdiyi bütün bölgələrdə, Yəməndə, hətta qismən də olsa Səudiyyə Ərəbistanı daxilində öz təsirini göstərəcək”.

R.Hafizoğlu vurğulayıb ki, Ukraynada baş verən hadisələrin Yaxın Şərqə təsirləri bir qədər qəribə görünə bilər: “Lakin qloballaşan dünyanın bir başında baş verən hadisə digər başına təsir edə bilir. Onu da qeyd etmək lazımdır ki, bu münaqişə zəminində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların təsirlərini hələ tam olaraq görmürük. Bu sanksiyalar zəncirvari şəkildə tətbiq olunur və gec-tez öz təsirlərini göstərəcək. Bu gün bir çoxları iddia edir ki, tətbiq edilən sanksiyaların Rusiyaya heç bir təsiri olmayacaq. Lakin yaxın bir neçə ay ərzində bu sanksiyalar sadəcə Rusiya daxilində deyil, keçmiş MDB məkanında da öz təsirlərini göstərəcək. Hətta bu gün MDB ölkələrində bu sanksiyaların ayaq səsləri eşidilir”.