"Teknofest" festivalının Azərbaycanda keçirilməsi “ağıllı” layihələrin inkişafına təkan verəcək (MÜSAHİBƏ) (FOTO)

"Teknofest" festivalının Azərbaycanda keçirilməsi “ağıllı” layihələrin inkişafına təkan verəcək (MÜSAHİBƏ) (FOTO)

Bildiyiniz kimi işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Bu işlərin faydalı və effektiv olması üçün hər kəsin, hər qurumun potensialını ortaya qoyması vacibdir. Biz də “AzInTelecom” olaraq öz profilimizə uyğun şəkildə bu prosesə qoşulmuşuq və ölkəmizdə təşkil olunacaq "Teknofest"Festivalı çərçivəsində SMART Qarabağ Hackathon-unu təşkil edəcəyik.

Bunu Trend-ə müsahibəsində AzInTelecom-un İdarə Heyətinin üzvü İnarə Vəliyeva deyib.

"SMART Qarabağ Hackathon-un məqsədi işğaldan azad olunmuş Azərbaycan ərazilərində “ağıllı şəhər” həllərinin tətbiq edilməsidir. Bu həllərin tətbiqi həmin ərazilərin rahat, qənaətcil, ekoloji təmiz regiona transformasiyası, sakinlər və sahibkarlar üçün münbit ekosistemin yaradılması və kənd təsərrüfatı üçün daha səmərəli şəraitin qurulmasına töhfə verəcək. Sadaladığım məqsədlərə nail olmaq üçün müxtəlif proqram təminatlarından, istifadəçi interfeyslərindən və kommunikasiya şəbəkəsindən istifadə edərək Əşyaların İnterneti (IoT) vasitəsilə çoxlu sayda həllər yaratmaq olar. Hesab edirəm ki, SMART Qarabağ Hackathon-u həmin həllərin formalaşdırılması, ortaya çıxması üçün innovativ gənclərimiz üçün əla bir fürsət olacaq.

Hackaton-un 8 istiqamət üzrə keçirilməsi nəzərdə tutulub. Bu istiqamətlərə Təhsil, Kənd Təsərrüfatı, Nəqliyyat, Ev təsərrüfatı, Enerji sərfiyyatı, Su sərfiyyatı, Ətraf mühit və Təhlükəsizlik daxildir", - deyə o əlavə edib.

Onun sözlərinə görə, SMART Qarabağ Hackathon-da iştirak etmək üçün TEKNOFESTİN rəsmi səhifəsi – www.teknofest.az ünvanı üzərindən müraciət etmək lazımdır. Müraciətlər 01.04.2022-ci il tarixinədək qəbul olunacaq. 25.04.2022-ci il tarixində isə hackathon-da iştirak hüququ qazananların siyahısı elan olunacaq.

"Bu günədək 15 komanda və 9 fərdi şəxs qeydiyyatdan keçib. Əlbəttə ki, bu, qısa zaman ərzində qeydiyyatdan keçənlərin nəticəsidir. Heç şübhə etmirik ki, hackathon-a böyük maraq göstəriləcək, işğaldan azad olunan ərazilərimizin bərpası, yenidən qurulması üçün innovativ ideyaları olanlar bizə qoşulacaq.

İştirak hüququ qazanan komandalar və fərdi şəxslər may ayının 25-də Bakı Kristal Zalında keçiriləcək Hackaton-da iştirak edəcəklər. Komandalara Hackaton zamanı müəyyən texniki avadanlıqlar və proqramların spesifikasiyası təqdim olunacaq və 50 saatlıq marafona start veriləcək. Başlayandan 24 saat sonra münsiflər heyəti Kritik Dizayn Baxışını və prototipin hazırlanmasının gedişatını yoxlayacaqlar. Təqdimatdan sonra layihəyə hər hansı dəyişiklik etmək qadağan ediləcək. Bu mərhələdən sonra, marafonun bitməsinə qalan 26 saat ərzində komandalar layihəni tamamlamalı və öz layihələrini münsiflər heyətinə təqdim etməlidirlər", - deyə İ.Vəliyeva əlavə edib.

İ.Vəliyeva bildirib ki, SMART Qarabağ Hackathon-u iştirakçılara ilk növbədə böyük təcrübə qazandıracaq. Daha əvvəl qeyd etdiyim kimi bu hackathon məşhur "Teknofest" festivalı çərçivəsində keçiriləcək və əlbəttə ki, bu festivalın iştirakçısı olmaq özlüyündə böyük uğur deməkdir. Bununla yanaşı, bizim qaliblər üçün xüsusi mükafatlarımız olacaq. Qaliblərin müəyyən olunması isə meyarlar üzrə qiymətləndirmə əsasında həyata keçiriləcək:

"Qiymətləndirmə və balların bölüşdürülməsi üçün 4 meyar müəyyən edilib:

  • Mövzu – 30%;
  • Komanda – 5%;
  • İcra – 50%;
  • İqtisadi səmərəlilik və əhəmiyyət – 15%.

Meyarlar üzrə qiymətləndirilmə aparıldıqdan sonra nəticələr toplanacaq və ilk üç yerin, yəni 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri elan olunacaq. 1-ci yerin qalibinə 10 000 USD, 2-ci yerin qalibinə 5 000 USD, 3-cü yerin qalibinə isə 3 000 USD mükafat veriləcək.

Finala keçməsindən asılı olmayaraq, tapşırığı daha yaxşı həll etməyə çalışan komandalara isə diplom və suvenir şəklində mükafat təqdim olunacaq.

Qeyd edək ki, bütün bu məlumatlarla teknofest.az saytının müsabiqələr bölməsinə daxil olaraq SMART Qarabağ Hackathon-unu seçərək daha detallı şəkildə tanış olmaq mümkündür".

Xatırladaq ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.