Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris ili başlayıb

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris ili başlayıb

2022-ci yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən təntənəli mərasimlərdə ötən tədris ilində şəxsi heyətin hərbi-peşəkar hazırlığının və fiziki dözümlülüyünün, heyət, bölmə, hissə və birləşmələrin, idarəetmə orqanlarının hazırlığının yüksəldilməsi, eləcə də təyinata uyğun döyüş və digər tapşırıqların yerinə yetirilməsi üçün tələb olunan səviyyədə təkmilləşdirilməsi tapşırıqlarının və ümumilikdə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğu qeyd edilib.

Müdafiə Nazirliyindən TurkicWorld verilən məlumata görə, mərasimlərdə yeni tədris ili üçün əsas məqsəd və vəzifələr diqqətə çatdırılaraq “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən məşğələ və təlimlərin davamlı keçiriləcəyi bildirilib. Bölmə komandirləri öhdəçilik götürərək digər bölmə komandirlərini də yeni tədris ilində döyüş hazırlığı üzrə ən yaxşı olmaq üçün yarışlara dəvət ediblər.

Naxçıvan Qarnizonunda qoşunların və qərargahların birgə fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış koordinasiya qrupu yerinə yetirilən fəaliyyətlərin təkmilləşdirilməsi üçün birləşmə və hərbi hissələrdə olub, bölmələrin maddi-tədris bazaları, poliqonlar, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.

Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi, həyəcan siqnalı ilə qaldırılması, cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların icrası üzrə məşqlər və təlimlər müxtəlif səviyyələrdə növbəti bir neçə gündə də davam edəcək.