Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Bakı. TurkicWorld:

Azərbaycan Türkiyəyə təbii maye qaz ixracını 2022-ci ilin dekabr ayında 2021-ci ilin analoji dövrü ilə müqayisədə 4,96 faiz artıraraq 747,34 milyon kubmetrdən 784,39 milyon kubmetrə çatdırıb.

TurkicWorld bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.

Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyəyə təbii maye qaz ixracının həcminə görə üçüncü yer tutub.

Ötən ilin dekabr ayında Türkiyəyə ən böyük təbii maye qaz ixracçısı 2,041 milyard kubmetr göstərici ilə Rusiya olub. Göstərici 2021-ci ilin analoji dövründəki tədarüklə müqayisədə 1,22 faiz azdır.

İkinci yerdə 800,44 milyon kubmetr göstərici ilə İran dayanıb ki, bu göstərici də 2021-ci ilin dekabrı ilə müqayisədə 6,39 faiz azdır.

Qeyd olunan dövrdə Türkiyə bütünlükdə qaz idxalını 2021-ci ilin dekabr ayı ilə müqayisədə 6,07 faiz azaldaraq 6,184 milyard kubmetrdən 5,809 milyard kubmetrə salıb ki, bunun da 3,433 milyard kubmetri boru kəmərlərinin, 2,376 milyard kubmetri isə maye təbii qazın (MTQ) payına düşüb.

Türkiyənin boru kəmərləri ilə qaz idxalı 2021-ci ilin dekabrı ilə müqayisədə 6,44 faiz, MTQ idxalı isə 5,53 faiz azalıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar ayınadək Azərbaycan Avropaya 11,4 milyard kubmetr maye təbii qaz nəql edib.

2022-ci ildə Türkiyəyə 8,4 milyard, Gürcüstana isə 2,5 milyard kubmetr qaz nəql olunub.

Ötən il Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil olunub. Bu göstərici 2021-ci illə müqayisədə 6,5 faiz və ya 2,9 milyard kubmetr artıb. Belə ki, "Azəri-Çıraq-Günəşli" yatağından 13,4 milyard kubmetr, "Şahdəniz" yatağından isə 25,2 milyard kubmetr qaz hasil olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 8,1 milyard kubmetr qaz hasil olunub. 2022-ci il ərzində hasil edilən Azərbaycan qazının ümumi həcminin 22,3 milyardı ixrac olunub ki, bu da 2021-ci illə müqayisədə 18 faiz yüksəkdir.

Twitter: @Lyaman_Zeyn