Türkmənistan qazının İran vasitəsilə Azərbaycana svop edilməsi müvəqqəti olaraq dayanıb

Türkmənistan qazının İran vasitəsilə Azərbaycana svop edilməsi müvəqqəti olaraq dayanıb

Bakı. TurkicWorld:

Türkmənistan qazının İran vasitəsilə Azərbaycana svop edilməsi müvəqqəti olaraq dayanıb.

TurkicWorld-un məlumatına görə, bu barədə İranın Milli Qaz Şirkəti məlumat yayıb.

Bildirilib ki, hazırda Türkmənistan və Azərbaycan arasında qaz svopunun yenidən bərpa olunması haqda müzakirə aparılır.

Əlavə edək ki, 2021-ci il 28 noyabrda Türkmənistanın paytaxtı Aşqabadda Türkmənistan qazının İran vasitəsilə Azərbaycana svop edilməsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən ildə, 1,5-2 milyard kubmetr qaz svop ediləcək. Müqavilənin icrasına 2022-ci il 1 yanvardan başlanıb.

Ötən İran ilində (21 mart 2022 – 20 mart 2023) orta hesabla gündəlik 4,5 milyon kubmetr Türkmənistan qazı İran üzərindən Azərbaycana svop edilib.

İran tərəfinin yaydığı məlumata görə, 21 mart 2023-dən avqust ayınadək qaz svopu gündəlik 10 milyon kubmetrə yüksəlib.

Bildirək ki, Türkmənistan qazı İranın şimal-şərqində İrana idxal olunur, əvəzində şimal-qərbdə həmin ölçüdə qaz Azərbaycana təhvil verilir. İran qaz svopu ilə ölkənin şimal və şimal-şərqində əsasən qış fəslində qaz çatışmazlığını aradan qaldırmağa çalışır.