bp SOCAR-la birgə Avropaya qaz nəqlini artırmağın yollarını axtarır – Qeri Cons

bp SOCAR-la birgə Avropaya qaz nəqlini artırmağın yollarını axtarır – Qeri Cons

Bakı. TurkicWorld:

"Şahdəniz" və Cənub Qaz Dəhlizi (CQD) təkcə bu günün deyil, həm də sabahın prioritetləridir.

TurkicWorld-in məlumatına görə, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qeri Cons fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxışında deyib.

"Dünyaya təhlükəsiz, əlçatan və aşağı karbonlu enerji lazımdır. Bu fonda CQD və "Şahdəniz" kimi layihələrin rolu daha da artır, belə ki, bu layihələr sadalanan hər üç məqsədə nail olmağa kömək edir. "Şahdəniz" və CQD şübhəsiz, təkcə bu günün deyil, həm də sabahın prioritetləridir. Hər iki layihə ötürücülük qabiliyyətinin genişlənməsi üçün mühüm imkanlara malikdir. Hazırda qaz tədarükünə ehtiyacın bu qədər böyük olduğu bir vaxtda bu genişlənmə daha mühüm olub. CQD-nin ötürücülük qabiliyyəti zərurət olduqda genişləndirilə bilər. Hazırda Avropaya qaz nəqlini artırmağın yollarını tapmaq istiqamətində SOCAR və digər tərəfdaşlarla birgə çalışırıq", - Qeri Cons deyib.

Bundan başqa, regional prezident bp-nin yeni potensial qaz mənbələrini nəzərdən keçirdiyini deyib.

"Biz daha çox qaz tapmaq məqsədilə bu yaxında "Şahdəniz" kəşfiyyat quyusunu qazmağa başladıq. Bundan başqa, işlənmiş neft yataqlarının altındakı dərin qaz mədənlərinin araşdırılması üçün AÇG platformasının ilk platforması olan "Çıraq" platformasında qiymətləndirmə quyusunu qazmağa başlamışıq. Paralel olaraq bu məqsədlərlə qazdan istifadə etmək əvəzinə əməliyyatlarımızı necə elektrofikasiya edə biləcəyimizi qiymətləndiririk. Sanqaçal terminalının elektrofikasiyası bunun üçün yaxşı başlanğıc ola bilərdi. Sanqaçal qaz turbinlərinin şəbəkəyə qoşulmaqla əvəz olunması bizə Cənub Qaz Dəhlizi ilə sərbəst şəkildə qaz nəql etməyə imkan verəcək. Həm "Şahdəniz", həm də Cənub Qaz Dəhlizi enerji ötürülməsinə və tədarükün təhlükəsizliyinə əlavə töhfə verə bilər", - Cons deyib.

bp-nin regional prezidenti əlavə edib ki, Azərbaycanın CQD vasitəsilə qaz tədarükünün artırılması üzrə böyük potensial və strateji planları mövcuddur.

"SOCAR və digər iştirakçılarla birgə son 30 il ərzində ölkədə nəhəng enerji layihələrinin işlənməsi və idarə olunması bizim üçün şərəf və fəxrdir. İndi isə uzunmüddətli və etibarlı tərəfdaş olaraq ölkəni CQD layihələrinin reallaşdırılmasında bundan sonra da dəstəkləməyə hazırıq", - o vurğulayıb.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Avropaya Azərbaycan qazının nəqlinə 2020-ci ilin 31 dekabr tarixində başlayıb. Ölkəmiz Xəzər dənizi regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə qaz nəql edir.

Bu irimiqyaslı layihə enerji daşıyıcıları tədarüklərinin marşrut və mənbələrinin diversifikasiyasına yönəlməklə Avropanın energetika bazasının möhkəmlənməsinə imkan yaradır. Layihənin dəyəri 45 milyard dollar proqnozlaşdırıldığı halda, 33 milyard dollar təşkil edib.

Tvitter: @Lyaman_Zeyn