Azərbaycanla əməkdaşlıq sayəsində İtaliya enerji qovşağına çevrilə bilər – İtaliyalı analitiklər

Azərbaycanla əməkdaşlıq sayəsində İtaliya enerji qovşağına çevrilə bilər – İtaliyalı analitiklər

Azərbaycanla əməkdaşlıq sayəsində İtaliya enerji qovşağına çevrilə bilər.

Bunu Trend-ə italiyalı iqtisadiyyat və geosiyasət məsələləri üzrə analitik Domeniko Letitsia deyib.

"Azərbaycan özünü İtaliyaya dost və sadiq ölkə kimi tanıdıb. Hazırkı çətin qlobal geosiyasi vəziyyətdə Azərbaycan təbii ehtiyatlarının tədarükü İtaliyanın enerji problemlərinin həllinə kömək edir. Hesab edirəm ki, Bakı ilə əməkdaşlıq daha da gücləndirilməlidir. Azərbaycan İtaliya və Avropa üçün təkcə etibarlı tədarükçü deyil, həm də Roma və bütün Aİ ilə yaxşı münasibətləri var. Mən Azərbaycanda dörd dəfə olmuşam və həmişə onların İtaliyaya, onun mədəniyyətinə, modasına, musiqisinə münasibətini müşahidə etmişəm. Bu cür ölkə İtaliya siyasətçilərinin və vətəndaşlarının böyük diqqətinə layiqdir ”, - deyə o bildirib.

D.Letitsia hesab edir ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq bundan sonra da genişlənəcək.

"İtaliya və Azərbaycanı ciddi iqtisadi və enerji şaxələndirilməsinə başlamaq zərurəti bağlayır. Qaz layihələri ilə yanaşı, hidrogenlə bağlı çoxsaylı layihələr həyata keçirilə bilər. Son zamanlar İtaliya hakimiyyəti Trans-Adriatik boru xəttindən (TAP) hidrogen tədarükü üçün də istifadə imkanlarını təhlil edir, bu, enerji sahəsində əməkdaşlığı daha da gücləndirməyə imkan verəcək. Mən hesab edirəm ki, bu düzgün yoldur və göstərdiyi dəstəyə görə Bakıya təşəkkür edirəm. Azərbaycan sayəsində İtaliya iqtisadi və ekoloji dayanıqlılığa yönəlmiş innovativ enerji mərkəzinə çevrilə bilər”, - italiyalı analitik bildirib.

İtaliyanın Beynəlxalq Məsələlər İnstitutunun (Istituto Affari Internazionali) Enerji, İqlim və Resurslar Proqramının elmi işçişi Pyer Paolo Raymondi Trend-ə bildirib ki, bu gün Azərbaycandan tədarüklər İtaliya üçün qiymətli alternativ enerji mənbəyidir.

"Bu, infrastruktura sərmayə qoymağın nə qədər vacib olduğunu göstərir. Trans-Adriatik boru xətti (TAP) 2020-ci ildə İtaliyada tikilən sonuncu idxal infrastrukturu olub. Bu gün bu infrastruktur strateji əhəmiyyət kəsb edir", - deyə o bildirib.

P.Raymondinin sözlərinə görə, mövcud geosiyasi proseslər enerji tərəfdaşlığının genişləndirilməsi üçün imkan yaradır.

"Azərbaycan diversifikasiya strategiyasına yaxşı uyğunlaşır, ona görə də iki ölkə enerji əməkdaşlığını genişləndirə bilər. Bununla belə, daha sıx enerji əməkdaşlığı (yəni, TAP-ın imkanlarının genişləndirilməsi) həm tələb, həm də təklifi nəzərə almalıdır. Uğurlu strategiyanın digər əsas komponenti Avropadakı tələbat olacaq”, - analitik deyib.

O qeyd edib ki, TAP İtaliyanın enerji qovşağına çevrilməsinə xidmət edəcək.