Azərbaycan qazını Bolqarıstana daşıyacaq IGB-nin işə salınması üçün inzibati prosedurlar sürətləndirilir - İcraçı direktor

Azərbaycan qazını Bolqarıstana daşıyacaq IGB-nin işə salınması üçün inzibati prosedurlar sürətləndirilir - İcraçı direktor

Bakı. TurkicWorld:

Azərbaycan qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarından əvvəlki son mərhələdə iki ölkə qurumları tərəfindən bir sıra inzibati prosedurlar icra olunmalıdır.

Bunu Trend-ə eksklüziv müsahibəsində Bolqarıstanın ICGB AD layihə şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.

"Həmin inzibati prosedurların həyata keçirilməsinin sürətləndirilməsi üçün biz artıq bütün tərəflərlə işə başlamışıq. İyunun ikinci yarısından interkonnektor təbii qazın sınaq partiyaları ilə doldurulub. Marşrut və onun yerüstü infrastrukturu artıq uğurla sınaqdan keçirilib, Stara Zaqora - Komotini istiqamətində təbii qazın nəqli ilə yanaşı, iyulun əvvəlindən Komotini stansiyası da qazla doldurulub, - T.Georgiyeva bildirib.

O qeyd edib ki, hazırda ən mühüm vəzifə qaz kəmərinə avtomatlaşdırılmış nəzarət və ümumi idarəetmə sisteminin (SCADA) tətbiqi, o cümlədən infrastrukturun təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün ilkin işlərin görülməsidir.

"Proses davam edir və işlər EPC podratçı şirkəti tərəfindən həyata keçirilir. Biz onlardan bu fəaliyyətin əhəmiyyətini dərk etmələrini və prosesin mümkün qədər tez başa çatdırılmasında təkid etmələrini gözləyirik", - icraçı direktor vurğulayıb.