Mövcud enerji böhranı Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini nümayiş etdirdi – Serbiyanın baş nazirinin müavini (Müsahibə)

Mövcud enerji böhranı Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini nümayiş etdirdi – Serbiyanın baş nazirinin müavini  (Müsahibə)

Bakı. TurkicWorld:

Mövcud enerji böhranı "Cənub Qaz Dəhlizi"nin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və dekarbonizasiya məqsədlərinə nail olunmasında, eləcə də "Şahdəniz" qaz yatağının Avropaya təbii qaz tədarükü mənbəyi kimi əhəmiyyətini nümayiş etdirdi.

Bu barədə TurkicWorld-ə özəl müsahibəsində Serbiyanın baş nazirinin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviç deyib.

Onun fikrincə, Xəzər bölgəsində yeni qaz mənbələrinin gələcək inkişafı bu enerji mənbəyinin Avropaya və deməli, hazırda davam edən interkonnektorların tikintisindən sonra Serbiya Respublikasına nəqlinin təhlükəsizliyinə böyük töhfə verəcək.

"Bundan əlavə, "Cənub Qaz Dəhlizi" gələcəkdə hidrogeni nəql edə bilər ki, bu da enerji keçidi və tamamilə ekoloji cəhətdən təmiz yanacaqlardan istifadə istiqamətində gələcək addımlar üçün vacibdir. Bolqarıstanla interkonnektorun tikintisini başa çatdırandan sonra, bu, digər təchizatçıların bizim bazara daxil olmasına və bir təchizatçıdan asılılığı azaltmağa imkan verəcək. Biz bu məsələ ilə bağlı Azərbaycanla əməkdaşlığın və müzakirələrin intensivləşdirilməsini səbirsizliklə gözləyirik, ona görə də bizim nümayəndə heyətinin Azərbaycana səfəri zamanı digər məsələlərlə yanaşı, energetika və faydalı qazıntılar hasilatı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb və bizim Azərbaycanın energetika naziri ilə görüşümüz olub", - Serbiyanın baş nazirinin müavini qeyd edib.

Mixayloviçin sözlərinə görə, Serbiya Xəzər bölgəsində təbii qaz ehtiyatları təsdiqlənmiş yeni yataqların işə salınması hesabına ehtiyacları üçün əlavə həcmdə təbii qaz ala biləcəyini, interkonnektorların isə digər ölkələrə tranzit marşrutu təmin edəcəyini gözləyir.

"Bu, bütün regionun enerji sabitliyini və təhlükəsizliyini daha da gücləndirəcək", - o əlavə edib.

Serbiyanın baş nazirinin müavini qeyd edib ki, yeraltı təbii qaz anbarları təbii qaz təchizatının sabitliyi və təhlükəsizliyində mühüm amildir.

"Serbiyanın 450 milyon kubmetr tutumu olan bir yeraltı təbii qaz anbarı var. Onun tutumunun 700 milyon kubmetrə qədər genişləndirilməsi planlaşdırılır. Bundan əlavə, Macarıstanla bu ölkənin anbarlarında 500 milyon kubmetr qaz saxlaması barədə razılıq əldə olunub ki, bu da qarşıdan gələn qışda tədarükün sabitliyini təmin edəcək. Planlarımızdan biri də gələn il tutumu 1 milyard kubmetr olan "İtebəy" yeraltı təbii qaz anbarının tikintisinə başlamaqdır. Mövcud anbarın yanında bu anbarın tikintisi daxili bazarın təchizatının etibarlılığını təmin edəcək və enerji təhlükəsizliyini artıracaq”, - Z. Mixayloviç bildirib.

O qeyd edib ki, enerji təhlükəsizliyi hazırda Avropada ən vacib məsələdir və bütün ölkələr enerji və onun istehsalı məhsullarının tədarükünün təhlükəsizliyini təmin etməyə çalışır.

"Serbiya Respublikası üçün prioritet yeni enerji istehsalı obyektlərinin tikintisi, eləcə də qaz interkonnektorların tikintisidir ki, onun vasitəsilə biz bu enerji məhsulunun təchizatının etibarlılığını təmin edəcəyik. Keçən il biz yeni qanunvericilik bazasını qəbul etməklə yaşıl enerjiyə keçidin əsasını qoyduq və 2050-ci ilə qədər dekarbonizasiya və karbon neytrallığına nail olmağın məqsəd və dinamikasını müəyyən edən strateji sənədlər hazırlayırıq. Biz həmçinin alternativ enerji sektorunun və xüsusilə hazırda enerji kompleksinin yalnız 3,5 faizini təşkil edən külək və günəş enerjisinin inkişafına yönəlmiş təxminən 35 milyard avro dəyərində layihələri əhatə edən yeni investisiya planı hazırlamışıq", - Z. Mixayloviç vurğulayıb.

Baş nazirin müavini əlavə edib ki, neft və qaz sektorunda ölkənin prioriteti təchizatın çaxələndirilməsi, burada ən mühüm layihə Serbiya-Bolqarıstan qaz kəmərinin tikintisidir ki, bu da Serbiya bazarını Yunanıstandakı LNG terminalından, həmçinin Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə və ola bilsin ki, Şərqi Aralıq dənizi kimi digər mənbələrdən daxil olan qazla təmin etməyə imkan verəcəkdir.

"Serbiya-Bolqarıstan qaz kəmərinin tikintisi məhz ona görə prioritet layihədir ki, bu qaz kəməri bizə digər təchizatçılardan da qaz almağa imkan verəcək. Bu kəmərin tikintisi gələn il başa çatacaq və o, Yunanıstandakı LNG terminalı ilə eyni vaxtda istifadəyə veriləcək”, - deyə baş nazirin müavini fikrini yekunlaşdırıb.