Türkiyənin dördüncü geoloji kəşfiyyat gəmisi 19 mayda təhvil ediləcək

Türkiyənin dördüncü geoloji kəşfiyyat gəmisi 19 mayda təhvil ediləcək

Neft və təbii qaz çıxarmaq üçün, Fatih, Yavuz və Kanunidən sonra 'Alparslan' adı verilən dördüncü geoloji kəşfiyyat gəmisini Türkiyə mayın 19-u öz dəniz donanmasına təhvil verəcək.

TurkicWorld-un məlumatına görə Şərqi Aralıq dənizində xidmət göstərməyə hazırlanan gəmi iki aylıq hazırlıq işlərindən sonra iyul ayında ilk missiyasına başlayacaq.

Aralıq dənizində karbohidrogen kəşfiyyat fəaliyyətlərinə töhfə verəcək gəmi 3600 metrə qədər hərəkət edə bilir və 12 min 200 metrə qədər qazma qabiliyyətinə malikdir.

Qeyd edək ki, Türkiyənin Qara dənizdə 540 milyard kubmetr təbii qaz kəşf etməsindən sonra karbohidrogen kəşfiyyat işlərini gücləndirən Türkiyə gəmi donanmasını da genişləndirir.

Xatırladaq ki, Ərdoğan 2020-ci il oktyabrın 17-də Dunay quyusunda aşkar edilən 85 milyard kubmetr təbii qaz artımıyla ehtiyatların ümumi həcminin 405 milyard kubmetrə çatdığını açıqlayıb. Amasra quyusunda 135 milyard kubmetr kəşf edildikdən sonra isə Qara dənizdəki qaz ehtiyatının ümumilikdə həcmi 540 milyard kubmetrə çatıb.