Pərviz Şahbazov: Azərbaycan italiyalı istehlakçıların münasib qiymətlə qaz təchizatına verdiyi töhfədən məmnundur

Pərviz Şahbazov: Azərbaycan italiyalı istehlakçıların münasib qiymətlə qaz təchizatına verdiyi töhfədən məmnundur

Energetika Nazirliyində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının VIII iclası çərçivəsində İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava və TAP AG şirkətinin icraçı direktoru Luca Schieppatinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşlər keçirilib.

Nazirlikdən TurkicWorld-un verilən məlumata görə, nazir müavini Vannia Qava ilə Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin davamlı təminatında rolunun gücləndirilməsi, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin inkişafı, İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştirakı, həmçinin Məşvərət Şurası formatında əməkdaşlıq əlaqələrinin bərpa olunan enerji hədəfləri üzrə genişləndirilməsi məsələləri müzakirə edilib.

Nazir müavini təbii qazın davamlı enerji təchizatı və enerji keçidi üçün vacib əhəmiyyətini vurğulayaraq, TAP-ın gələcək inkişaf mərhələsi üzrə ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini qeyd edib.
Energetika naziri Pərviz Şahbazov isə deyib ki, Azərbaycanın təbii qazı sayəsində italiyalı istehlakçılar daha sərfəli qiymətlə təbii qazla təmin olunur. Biz TAP vasitəsilə İtaliyanın təbii qaz təchizatına verilən töhfələrdən məmnunuq. Nazir eyni zamanda bildirib ki, çoxtərəfli əməkdaşlığa əsaslanan “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının budəfəki iclası ilk dəfə olaraq enerji keçidi məsələlərinə həsr olunacaq: “Bu iclas Cənub Qaz Dəhlizini qlobal çağırışlar və “karbon neytrallığı” hədəfləri ilə səsləşən layihə olaraq inkişaf etdirmək və Məşvərət Şurası çərçivəsində tərəfdaşlarımızla faydalı əməkdaşlığımızı “yaşıl enerji” sahəsində dərinləşdirmək üçün imkanlar yaradır. Təkcə dənizdə külək enerjisi sahəsinə investisiyaların cəlbi ilə ildə 400 milyon kubmetr qaza qənaət edilə və bu həcmlər ixraca yönəldilə bilər.”
TAP AG şirkətinin icraçı direktoru Luca Schieppati ilə görüşdə isə TAP-ın tam layihə gücündə işləməsi, gələcəkdə tədarükün artırılması və boru kəmərinin genişləndirilməsi imkanları müzakirə edilib. TAP-ın gələcəkdə genişlənməsi, aparılan bazar araşdırmaları və bu istiqamətdə növbəti addımlar müzakirə edilib.
Qeyd edək ki, bu il İtaliyaya 7,4 milyard kubmetr qaz ixracı proqnozlaşdırılır.