İran vasitəsi ilə Azərbaycana svop edilən Türkmənistan qazının həcmi arta bilər - İranlı nazir

İran vasitəsi ilə Azərbaycana svop edilən Türkmənistan qazının həcmi arta bilər - İranlı nazir

İran vasitəsi ilə Azərbaycana svop edilən Türkmənistan qazının həcmi ildə 15 milyard kubmetrə qədər arta bilər.

TurkicWorld-un məlumatına görə, bunu İranın neft naziri Cavad Ouci Türkmənistan rəsmiləri ilə görüşdən sonra deyib.

C.Oucinin sözlərinə görə, hazırda ildə 2 milyard kubmetr Türkmənistan qazı İran vasitəsi ilə Azərbaycana svop edilir.

Ouci əlavə edib ki, Türkmənistan rəsmiləri ilə enerji sahəsində, o cümlədən qaz svopu, neft və neft-kimya sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi haqda müzakirələr aparılıb.

“Gələn günlər ərzində İran və Türkmənistan arasında enerji mübadiləsi sahəsində bir neçə əməkdaşlıq sənədi imzalanacaq”, - deyə o bildirib.

Qeyd edək ki, ötən il 28 noyabrda Türkmənistanın paytaxtı Aşqabadda Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana svop edilməsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, ildə 1,5-2 milyard kubmetr qaz svop ediləcək. Müqavilənin icrasına 1 yanvardan başlanıb.