...

Azərbaycan və Çexiya əməkdaşlıq üzrə yeni sənədlər imzalayacaqlar - XİN

İqtisadiyyat Digər xəbərlər 6 Avqust 2022 09:34
TurkicWorld Daspina Hasanova
Azərbaycan və Çexiya əməkdaşlıq üzrə yeni sənədlər imzalayacaqlar - XİN

Çexiya və Azərbaycanın məsul dövlət qurumları hazırda iki ölkə arasında sosial təminat, səhiyyə və gənclər sahələrində əməkdaşlığı daha yaxşı tənzimləyəcək yeni sənədlərin mətnləri üzərində danışıqlar aparır.

Bu barədə TurkicWorld-ə Çexiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Hesab edirik ki, danışıqlar yaxın gələcəkdə başa çatacaq ki, bu da əlaqələrimizin hüquqi bazasını əhəmiyyətli dərəcədə genişləndirəcək, ən əsası isə insanlar arasında təmasları, Çexiya ilə Azərbaycan arasında təcrübə mübadiləsini dərinləşdirəcək", - deyə nazirlikdən bildirilib.

Qeyd edilib ki, Çexiya iki ölkənin nümayəndələri arasında yüksək səviyyəli görüşlərin sayını artırmaq istəyir.

"Bu yaxınlarda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərovun rəhbərlik etdiyi kənd təsərrüfatı sahəsi üzrə ekspertlərdən ibarət nümayəndə heyəti Çexiyada səfərdə olub. Bu tendensiyanın gələcəkdə də davam edəcəyinə inanırıq", - deyə XİN-dən bildirilib.

Nazirlikdən bildirilib ki, Çexiyanın Aİ Şurasında sədrliyinin təşəbbüsü ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi oktyabrın 17-18-də Praqada Azərbaycanın iştirakı ilə “Şərq Tərəfdaşlığı: Geoiqtisadi Çağırışlar və İmkanlar” biznes forumu təşkil edəcək.

"Əməkdaşlığın perspektivləri genişdir. Onların əsasında iki ölkə arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq dayanır", - deyə Nazirlikdən əlavə edilib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti