Milas-Bodrum Beynəlxalq Hava Limanının yük dövriyyəsi artıb

Milas-Bodrum Beynəlxalq Hava Limanının yük dövriyyəsi artıb

Ankara. TurkicWorld:

2022-ci ilin may ayında Türkiyənin Muğla şəhərində yerləşən Milas-Bodrum Beynəlxalq Hava Limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə artaraq 6 min 962 ton təşkil edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 74 faiz artaraq, 4 min 180 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 5,1 dəfə artaraq, 2 min 782 təşkil edib.

Bu ilin may ayında hava limanına gələn sərnişinlərin sayı 2021-ci ilin eyni dövrünə nəzərən 2,1 dəfə artaraq, 817 min 248 nəfər olub. Bununla yanaşı, 2022-ci ilin may ayında daxili reyslər üzrə sərnişin dövriyyəsi 101 faiz artaraq 463 min 75 nəfər, beynəlxalq reyslər üzrə isə 10 dəfə artaraq 354 min 173 nəfər təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin may ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45 faiz artaraq, 27 min 335 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 33 faiz artaraq 21 min 376, beynəlxalq reyslər üzrə isə 1,1 dəfə artaraq 5 min 959 olub.

2022-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 56 milyon 987 min 895 nəfər, yük dövriyyəsi isə 1 milyon 388 min 522 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.