"Teknofest"lə əlaqədar Bakıya bir neçə qrup turist gəlib - Assosiasiya

"Teknofest"lə əlaqədar Bakıya bir neçə qrup turist gəlib - Assosiasiya

Bakı. TurkicWorld:

26-29 may tarixlərində keçirilən "Teknofest" aerokosmik və texnologiya festivalını ziyarət etmək üçün Bakıya bir neçə turist qrupu gəlib.

Bunu TurkicWorld-ə Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.

O bildirib ki, Azərbaycanın turizm şirkətləri "Teknofest" yarışları ilə əlaqədar ölkəyə gələn xarici qonaqlara xidmət etmək üçün tam hazırlaşıblar:

"Pandemiyaya görə tətbiq edilən karantin qaydaları yumşalandan sonra turizm şirkətləri yeni turizm mövsümünə yüksək səviyyədə hazırlaşıblar. Azərbaycanda "Teknofest"dən də əvvəl bir çox beynəlxalq tədbirlər keçirilib. Artıq turizm şirkətlərinin bu sahədə böyük təcrübəsi var. Turizm şirkətləri nəinki "Teknofest" yarışlarına, eləcə də ölkədə il ərzində keçirilən bütün tədbirlərdə iştirak üçün gələn qonaqlara xidmət göstərməyə hazırdırlar. "Teknofest" festivalı ilə əlaqədar bir neçə turist qrupu gəlib. Turizm şirkətləri onlara yüksək səviyyədə xidmət göstərirlər".

Ə.Qurbanov deyib ki, turistlər əsasən paytaxta yaxın olan turistik rayonlara üz tuturlar.

"Turistlər əsasən Qəbələyə, İsmayıllıya, Şəkiyə və digər yerlərə səyahət edirlər".

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.