Avstriya nazirliyinin xarici iqtisadi əlaqələr qrupunun rəhbəri vurğulayıb ki, səfərin gündəliyində əsas məsələ bərpa olunan enerjidir.
"Avstriya nəhəng bərpa olunan enerji potensialına malik ölkədir. Avstriyada elektrik enerjisi istehlakının təxminən 80 faizi bərpa olunan enerji mənbələrindən əldə edilir. Məqsədimiz 2030-cu ilə qədər bu rəqəmi 100 faizə çatdırmaqdır. Bu sektorda, xüsusən də hidroenergetika, günəş və külək enerjisi sahəsində çoxlu şirkətlərimiz var. Bu şirkətlərin bəzilərinin nümayəndələri işgüzar görüşlər keçirmək üçün buradadırlar və bizim Energetika Nazirliyində də görüşümüz olacaq. Birgə komissiyanın iclasında biz bərpa olunan enerji sahəsində layihələrdən, xüsusən də yeni su elektrik stansiyalarından danışdıq. Biz bərpa olunan enerji sahəsində əməkdaşlığa dair sənəd layihəsini, su elektrik stansiyaları ilə bağlı konkret təklifləri təqdim etdik. Bu sənəd layihəsi konkret layihələri ehtiva edir. Ola bilsin ki, növbəti görüşdə bərpa olunan enerji sahəsində ilk müqaviləmizi imzaladıq. Avstriya elektrik enerjisi istehsal etmək üçün su elektrik stansiyalarından istifadə etməkdə çoxillik təcrübəyə malikdir. Hidroenergetika ekoloji cəhətdən təmiz enerji istehsalı üsuludur. Su elektrik stansiyası 100 il işləyə bilər. Mən hidroenergetikaya sərmayə qoymağı təklif edərdim”, - deyə Franz Vessiq qeyd edib.
O, hesab edir ki, ilk növbədə ikitərəfli ticarətin həcminin artırılması vacibdir.
"Bu, ikitərəfli ticarət əlaqələrində daha çox etibarı təmin edəcək və növbəti addım investisiya olacaq. Azərbaycanda daha çox Avstriya şirkətləri olmalıdır və biz Avstriyada daha çox Azərbaycan şirkətlərini görmək istərdik. Biz Avstriyaya Azərbaycan sərmayələrini də gözləyirik. Məsələn, Azərbaycanın dövlət neft şirkəti SOCAR Avstriyaya sərmayə qoyub - şirkət Avstriyada yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edir. Azərbaycanda müxtəlif sektorlarda fəaliyyət göstərən 15 Avstriya şirkəti var və hesab edirəm ki, onlar da sənaye sektorlarına gələcək investisiyalarda maraqlıdırlar. İnanıram ki, gələcək investisiyalar üçün yaxşı potensial və yaxşı imkanlar var”, - deyə Franz Vessiq vurğulayıb.