“Azərbaycan Hava Yolları” Bakıdan Praqaya uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” Bakıdan Praqaya uçuşlara başlayır

Bakı. TurkicWorld:

"Azərbaycan Hava Yolları" aviaşirkəti 2022-ci ilin yay cədvəli çərçivəsində Çexiyanın paytaxtı Praqa şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən TurkicWorld-ə bildirilib ki, Bakı-Praqa-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri aviadaşıyıcı tərəfindən həyata keçiriləcək. İlk reys 17 iyun tarixində yerinə yetiriləcək.

AZAL aviaşirkətinin bu və digər reyslərinə aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Sözügedən reyslərə yalnız qeyd olunan daşıma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Çexiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-czechia.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.azal.az/ru/information/covid-azerbaijan.