Serbiya 2023-cü ildən Azərbaycandan təbii qaz almağa başlamağı planlaşdırır - Baş nazirin müavini

Serbiya 2023-cü ildən Azərbaycandan təbii qaz almağa başlamağı planlaşdırır - Baş nazirin müavini

Bakı. Trend:

Serbiya 2023-cü ilin sentyabrından Yunanıstandan mayeləşdirilmiş təbii qaz (LNG), Azərbaycandan isə təbii qaz almağa başlamağı planlaşdırır.

Trend xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini və dağ-mədən və energetika naziri Zorana Mixayloviç deyib.

Onun sözlərinə görə, ölkə hakimiyyəti Rusiyadan qaz tədarükündən asılılığı azaltmaq istəyir.

Z.Mixayloviç izah edib ki, Serbiyanı Bolqarıstanla birləşdirəcək Niş-Dimitrovqrad qaz kəməri sayəsində qaz tədarükünü artırmaq mümkün olacaq. Qaz kəmərinin tikintisinin gələn il başa çatdırılması planlaşdırılır. Nazir qeyd edib ki, indi Serbiya yalnız bir təchizatçıdan (Rusiya - red.) asılıdır.

"Biz qazın qiymətinin nə qədər olacağını dəqiq deyə bilmərik, çünki bazarda tektonik dəyişikliklər baş verir və sual ondan ibarətdir ki, biz “Qazprom”la danışıqlarda hansı qiymətə razılaşa bilərik və qiymət əvvəlki kimi olmayacaq", - nazir bildirib.