Azərbaycan şirkətləri Qazaxıstan iqtisadiyyatına 310 milyon dollara yaxın sərmayə qoyub - "KAZAKH INVEST"in idarə heyətinin sədr müavini (Müsahibə) (VİDEO)

Azərbaycan şirkətləri Qazaxıstan iqtisadiyyatına 310 milyon dollara yaxın sərmayə qoyub - "KAZAKH INVEST"in idarə heyətinin sədr müavini (Müsahibə) (VİDEO)

“MŞ "KAZAKH INVEST” SC-nin əməkdaşlıqda maraqlı olduğu Azərbaycan şirkətlərinin siyahısı formalaşdırılıb.

Bu barədə Trend-ə müsahibəsi zamanı “MŞ "KAZAKH INVEST” SC-nin İdarə Heyətinin sədrinin müavini Jandos Temirqali deyib.

Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, xarici investorlar Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatı kimi Qazaxıstana böyük maraq göstərməkdə davam edir.

"2021-ci ilin yekunları üzrə (Qazaxıstanda - red) birbaşa xarici investisiyalarda yaxşı artım tendensiyası müşahidə etmək olardı. 2020-ci ilin mənfi tendensiyasını aradan qaldırmağa və investisiyaları artırmağa nail olduq", - deyə J.Temirqali bildirib.

İdarə Heyətinin sədrinin müavini həmçini bildirib ki, 2021-ci ilin doqquz ayında Qazaxıstana birbaşa xarici investisiyalar təxminən 18,7 milyard dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 50 faiz daha çoxdur.

"Ümumiyyətlə, 2022-2023-cü illərdə pandemiyanın mənfi trendini aradan qaldırmaq və birbaşa xarici investisiyaların həcminin ildə 24 milyard dollara yaxın olduğu 2017, 2018 və 2019-cu illərdəki kimi yaxşı göstəricilərə çıxmaq üzrə planlar var", - deyə J.Temirqali bildirib.

Onun sözlərinə görə, ötən il investisiya fəaliyyətlərinin dəstəklənməsi üzrə milli operator olan "MŞ "KAZAKH INVEST" SC-nin dəstəyi ilə Qazaxıstanda 57 layihə həyata keçirilib:

"Bunlar artıq istismara verilmiş layihələrdir və onlara qoyulan investisiyaların həcmi təqribən 3,8 milyard dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 2,4 dəfə çoxdur. Bundan əlavə, beş minə yaxın iş yeri açılmışdır ki, bu da bizim üçün mühüm göstəricidir".

Onun sözlərinə görə, Qazaxıstan iqtisadiyyatının əsas investorları hələ də ABŞ, İsveçrə və Niderlanddır.

O həmçinin qeyd edib ki, 2020-ci ilin yekunları üzrə Qazaxıstanda, eləcə də Azərbaycanda ÜDM-də dünyanın digər ölkələrində olduğu kimi kəskin azalma müşahidə olunmayıb.

O, Qazaxıstana birbaşa xarici investisiyaların daxilolmalarının istiqamətinin pandemiyadan əvvəlki dövrlə müqayisədə necə dəyişdiyini şərh edərkən qeyd edib ki, əvvəllər olduğu kimi, investisiyaların əsas payı hasilat sektoruna düşüb.

"Ümumiyyətlə, bildiyiniz kimi, Qazaxıstan iqtisadiyyatının strukturu bir qədər Azərbaycan iqtisadiyyatının strukturuna bənzəyir və təbii ki, investisiyaların əsas payı hasilat sektoruna, mədənçıxarma sektoruna düşür", - deyə J.Temirqali bildirib.

Eyni zamanda o qeyd edib ki, pandemiya dövrünün nəticələrinə görə, investisiyaların strukturu və ya iqtisadiyyata investisiya daxilolmalarının strukturu o qədər də kəskin şəkildə dəyişməyib:

"Amma emal sənayesinin payının artması istiqamətində ümumi tendensiya var. Əgər qlobal miqyasda götürsək, onda son bir neçə ildə biz xarici investorların emal sektoruna, xüsusən qida sənayesinə, neft-kimya sənayesinə, kimya sənayesinə, maşınqayırma sənayesinə və s. artan marağını görürük. Yəni, ümumilikdə, dövlət iqtisadiyyatın şaxələndirilməsinin zəruriliyini aydın şəkildə dərk edir və hələ pandemiyadan əvvəl qeyd olunan bu tendensiya davam edir".

Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın potensial inkişaf istiqamətlərindən danışan J.Temirqali nəqliyyat sektorunu xüsusilə qeyd edib.

"Hər iki ölkənin uğurlu yerləşməs var, Xəzər dənizində qonşuyuq, eyni zamanda, biz qardaş ölkələrik. Ticarət dövriyyəsi çox dinamik şəkildə artır. Ötən ilin sonunda ticarət dövriyyəsi milyard dolların təxminən üçdə birini təşkil edib ki, bu da bu, 2020-ci ilin sonundakı göstəricidən üç dəfə çoxdur. Aydındır ki, azalma olub, lakin buna baxmayaraq, bu rəqəm 2018 və 2019-cu illərlə müqayisədə xeyli çoxdur. Ona görə də müsbət tendensiya var", - deyə J.Temirqali bildirib.

O vurğulayıb ki, xarici investorlar Mərkəzi Asiya və Cənubi Qafqaz bazarını bir region hesab edirlər və investisiya qərarları qəbul edərkən regionun bütövlükdə investisiya baxımından cəlbedici olması çox vacibdir:

"Nəqliyyat sənayesində bağlayıcı həlqə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Avropa ölkələri kimi ölkələriтш birləşdirən, qlobal miqyasda Çin və Avropa İttifaqını əlaqələndirən Transxəzər nəqliyyat marşrutu layihəsidir".

J.Temiraqli əlavə edib ki, bu, çox perspektivli marşrutdur və statistikaya nəzər salsaq, burada həm də dünya siyasətindəki turbulentlik və digər alternativ yollarla bağlı qeyri-sabitlik fonunda çox müsbət tendensiya görə bilərik.

Onun sözlərinə görə, marşrut yaradılandan indiyədək onun vasitəsilə 4,4 milyon ton yük daşınıb ki, bu da təxminən 96,3 min konteyner deməkdir.

"Ümumilikdə, Çin-Aİ marşrutu üzrə quru daşımaların dinamikası və Qazaxıstan ərazisindən tranzit daşımaların həcmi 2021-ci ildə bir milyard TEU konteynerini ötüb ki, bu da ötən illə müqayisədə 22 faiz çoxdur", - deyə J.Temirqali bildirib.

O həmçinin vurğulayıb ki, multimodal marşrutlar müasir texnologiyaların, o cümlədən rəqəmsal texnologiyaların inkişafı ilə ucuzlaşır:

"Onlar ucuzlaşır və getdikcə daha çox yük Asiyadan Avropaya və onun hüdudlarından kənara dəniz yolu ilə deyil, quru yolla - bizim regionumuz vasitəsilə daşınır və bu qlobal yük daşımaları çərçivəsində Xəzər dənizindən keçən quru marşrutumuz daha da dəyərli olur. Birincisi, daşıma xərcləri azalır, ikincisi, qlobal miqyasda baş verən müxtəlif siyasi vəziyyətləri, ticarət müharibələrini və sanksiyaları nəzərə alsaq, bu marşrut çox vacib və sabit görünür. Qazaxıstan və Azərbaycan isə bu marşrutun əsasını təşkil edən ölkələrdir. Bizim əməkdaşlığımız çox vacibdir və biz bu baxımdan çox böyük perspektiv görürük".

Onun sözlərinə görə, Qazaxıstanın statistikası göstərir ki, Azərbaycan şirkətləri 2005-ci ildən Qazaxıstan iqtisadiyyatına təxminən 310 milyon dollar sərmayə qoyub.

"Təbii ki, biz pandemiya dövründə investisiya aktivliyi baxımından azalma müşahidə etdik, lakin hazırda müsbət tendensiya var. Ümumilikdə Qazaxıstanda Azərbaycan kapitallı 500-ə yaxın şirkət fəaliyyət göstərir. Onlar tikinti, emal, ticarət, logistika və bir çox başqa sahələrdə işləyirlər", - deyə J.Temirqali bildirib.

O, Qazaxıstan və Azərbaycanın əsas birgə layihələrindən də danışıb.

"Onların arasında - Aktau limanında taxıl terminalı, Qazaxıstan və Azərbaycan arasında Qazaxıstan taxılının qəbulu və daşınması üzrə müştərək müəssisə, "Aktau dəniz limanı"nda logistika mərkəzi və armatur istehsalı zavodu", - deyə J.Temirqali əlavə edib.

O həmçinin qeyd edib ki, Qazaxıstan hökuməti müasir zamanın çağırışlarına cavab verəcək yeni investisiya siyasəti konsepsiyası hazırlayır və bütövlükdə beynəlxalq investisiya ictimaiyyətində Qazaxıstanda aparılan islahatlarla bağlı gözləntilər formalaşıb.

J.Temirqali vurğulayıb ki, ümumiyyətlə, hazırlanmış investisiya siyasəti konsepsiyası bu məsələnin bütün sahələrini əhatə edir:

"Bu, yeni investisiyaların cəlb edilməsi, mövcud investorlarla işləmək, qanunvericilik və s. Burada qeyd etmək istərdim ki, bu sənəddə ESG prinsipləri nəzərə alınacaq".

J.Temirqali əlavə edib ki, dövlət bu proseslərə ekoloji problemlərin həlli prizmasından, Qazaxıstanda "eco-friendly"-sənayelərin, eləcə də biznesin sosial məsuliyyəti prizmasından baxır.

"Bu çox vacibdir. Əvvəla, bu, birincisi, ədalətli əmək haqqını nəzərdə tutan yüksək keyfiyyətli iş yerlərinin yaradılmasıdır, ikincisi, bunlar bütün sənaye sahələrində təhlükəsiz iş yerləridir və təbii ki, yerli kadrların ixtisaslarının artırılmasına daimi ehtiyacın nəzərə alınmasıdır".

Onun sözlərinə görə, bütün bu məqamlar dövlət üçün önəmlidir və iş yerlərinin yaradılması əsas prioritetlərdən biridir.