Bakı, TurkicWorld
Yaponiya Bakı Qlobal İqlim Şəffaflığı Platformasını (BTP) dəstəkləyir.
TurkicWorld xəbər verir ki, bu barədə Yaponiyanın ətraf mühit naziri Keyitiro Asao "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.
"Dünya bir çox dəyişikliklərlə üzləşə bilər, buna görə tərəflər şəffaflığı təmin etməli və səylərini nümayiş etdirməlidir. Bu ilin sonuna qədər tərəflər istixana qazlarının (GHG) inventarizasiyası, təsirlərin azaldılması və uyğunlaşma üzrə tərəqqi, eləcə də maliyyələşdirmə və dəstək vəziyyəti haqqında məlumatları özündə əks etdirən İkiillik Şəffaflıq Hesabatlarını (BTR) təqdim etməlidirlər. Bu hesabatlar Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və qlobal icmallarla birlikdə Paris Sazişinin üç əsas komponentinin yerinə yetirilməsini təmin edəcək.
BTR prosesi hesabatın təqdim edilməsi ilə bitmir. Texniki icmallar və tərəqqiyə dəstək dialoqları vasitəsilə bütün tərəflər bir-birindən öyrənə və iqlim siyasətlərini təkmilləşdirə bilər. İlk BTR-in ideal formada hazırlanması çətin ola bilər, lakin onu mümkün qədər tez təqdim etmək və şəffaflığı gücləndirmək üçün hər iki ildən bir keyfiyyətini artırmaq vacibdir. Şəffaflığın artırılmasının əhəmiyyətini dərk edərək, Yaponiya Azərbaycanda Bakı Qlobal Şəffaflıq Platformasını dəstəkləyir", - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.