Orta Dəhliz ölkələrinin sərhədlərində gözləmə müddətini azaltmaq niyyətindəyik - IRU prezidenti

Orta Dəhliz ölkələrinin sərhədlərində gözləmə müddətini azaltmaq niyyətindəyik - IRU prezidenti

Bakı. TurkicWorld:

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) TIR vasitəsindən istifadə etməklə Orta Dəhliz ölkələrinin, o cümlədən, Azərbaycanın sərhədlərində gözləmə müddətini azaltmaq niyyətindədir.

Bu barədə TurkicWorld -ə özəl müsahibəsində IRU-nun prezidenti Radu Dinesku deyib.

"TIR BMT konvensiyasıdır və TIR sistemindən istifadə etməklə sərhədlərdə gözləmə müddətini azaltmaq mümkündür. Elektron TIR sistemi həm dövlət, həm də avtomobil nəqliyyatı operatorları, eləcə də, ECMR nöqteyi-nəzərindən təhlükəsizliyi və etibarlılığı artırır. ECMR hər bir sənəd üzrə sənəddir, bu səbəbdən avtomobil nəqliyyatı üçün bu rəqəmsal sənədləri qəbul edərək istifadə etmək son dərəcə əhəmiyyətlidir. Bu yenə də iştirak edən bütün tərəflər üçün nəzarəti, hüquq qaydalarının tətbiqini və təhlükəsizliyi yaxşılaşdıracaq", - deyə o qeyd edib.

Orta Dəhlizdən danışan Radu Dinesku son zamanlarda əmtəə axınının əhəmiyyətli dərəcədə artdığını deyib.

"Lakin bu artımdan fayda əldə etmək üçün bütün Orta Dəhliz ölkələrinin bu əmtəə axınını qəbul edə bilməsi və yollar, limanlar, dəmir yolları və s. kimi təkcə infrastrukturu yaxşılaşdırması deyil, lazımi yüngül tədbirləri görə bilməsi, yəni gözləmə müddətinin azalması və dəhlizdə sürətin artmasını təmin etmək üçün son dərəcə mühüm olan prosedur və rəqəmsallaşmalara keçid etməlidir.

Orta Dəhliz ölkələri buna qısa müddət ərzində nail olsalar, hətta yaxın illərdə şimal tərəfdə vəziyyət yaxşılaşdıqdan sonra belə bu əmtəə axınının mühüm hissəsi bu dəhlizdə qalacaq. Bu səbəbdən düşünürəm ki, təkcə infrastruktur sahəsində böyük işlər görən Azərbaycanın deyil, həm də qonşu ölkələrin də lazımi tədbirləri görməsi çox vacibdir", - deyə o əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.