Yaxın vaxtlarda Orta Dəhliz çərçivəsində dəmir yolunun Qırğızıstan hissəsinin layihəsi təqdim olunacaq - Kayrat Osmonəliyev

Yaxın vaxtlarda Orta Dəhliz çərçivəsində dəmir yolunun Qırğızıstan hissəsinin layihəsi təqdim olunacaq - Kayrat Osmonəliyev

Bakı. TurkicWorld:

Yaxın vaxtlarda Çinin Sincan-Uyğur Muxtar Vilayətindəki Kaşqar şəhərindən Qırğızıstanın Makmal və digər yaşayış məntəqələrinə qədər Orta Dəhliz çərçivəsində dəmir yolunun Qırğızıstan hissəsinin layihəsi təqdim olunacaq.

Bu barədə TurkicWorld-ə müsahibəsində Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonəliyev deyib.

"Orta Dəhliz əvvəldən mövcud olan klassik İpək Yoludur. Bu, Qırğızıstan üçün son dərəcə vacibdir, lakin bu yolda gedən bütün ölkələr kimi Çin üçün də böyük əhəmiyyət kəsb edir. Bu marşrut Mərkəzi Asiya ölkələrindən, Azərbaycandan, Gürcüstandan, Türkiyədən və daha da Şərqi Avropa ölkələrindən keçir", - deyə səfir qeyd edib.

O, tranzit marşrutlarının kəsişməsində yerləşən ölkələrin beynəlxalq nəqliyyatın inkişafında fəal iştirakının çox vacib olduğunu vurğulayıb. Orta Dəhlizin perimetri boyunca yerləşən ölkələrin rəhbərləri də bunu başa düşürlər.

Qırğızıstan Prezidenti Sadır Japarovun ötən il Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitində qeyd etdiyi kimi, nəqliyyat məsələsi ticarət-iqtisadi əməkdaşlığın daha da mütərəqqi inkişafı üçün vacibdir.

Onun sözlərinə görə, Qırğızıstan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi layihəsinin praktiki icrasına başlamağı planlaşdırır. Bu layihə Qərb ölkələrinə yüklərin çatdırılmasını sürətləndirərək, Orta Dəhlizin dəmir yolu və avtomobil əlaqələrini tamamlayacaq.