Mərkəzi Bank yeni uçot dərəcəsini açıqlayıb

Mərkəzi Bank yeni uçot dərəcəsini açıqlayıb

Bakı. TurkicWorld:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılıb.

Mərkəzi Bankdan TurkicWorld-ə verilən məlumata görə, bu qərar makroiqtisadi proqnozlar, inflyasiyaya təsir göstərən amillər və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib.

Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam etmişdir. May ayında əvvəlki aya nəzərən 0.4%-lik deflyasiya qeydə alınmış, illik inflyasiya 11.5% təşkil etmişdir ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 4.1 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 12.7%-ə enmişdir. Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, eləcə də qəbul edilmiş pul siyasəti qərarları illik inflyasiya tempini azaltmaqdadır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə ərzaq qiymətləri ötən ilin aprelindən başlayan azalma meylini davam etdirərək mayda aylıq 2.6% azalmışdır. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən mayda aylıq əsasda əmtəə qiymətləri 8.6%, o cümlədən enerji qiymətləri 11.3%, qeyri-enerji qiymətləri 3.6% azalmışdır. Tədiyə balansının profisitli olması valyuta bazarında da özünü göstərir. Cari ilin 5 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 98%-də tələb təklifdən az olmuşdur. 2018-ci ildən bəri ilk dəfədir ki, cari ilin ötən dövründə banklar tərəfindən nağd ABŞ dollarının alışları satışları üstələmişdir. Bu dövrdə mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45% çox olmuşdur. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 5 ayında isə 5.1% möhkəmlənmişdir. Son aylarda mövsümi amillər də inflyasiyaya azaldıcı təsir göstərir.

İnflyasiya amilləri balansında ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik baş verməsə də, strukturunda yerdəyişmələr olmuşdur. İnflyasiyanın xarici mühitinin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi başlıca risk mənbələri kimi qiymətləndirilə bilər. 2023-cü ilin 5 ayında əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14.7% artmışdır. Qlobal maliyyə sisteminin sabitliyinin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessiya təhlükəsinin mövcudluğu və geosiyasi gərginlik müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır. İdxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8.3% olacağı proqnozu dəyişməz qalır. Bununla belə son aylarda xarici inflyasiya təzyiqlərinin zəifləməsi, eləcə də ötən ildən bəri qəbul edilən pul siyasəti və makroprudensial siyasət qərarlarının təsiri ilin qalan dövründə inflyasiya proqnozunun azaldılmasına şərait yaradır.

Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində islahatları davam etdirir. Uçot dərəcəsi və faiz dəhlizinin digər parametrlərinin yüksəldilməsi, yeni konfiqurasiyada pul siyasəti alətlərinin adekvat tətbiqi, məcburi ehtiyat normalarının qaldırılması və makro-prudensial tələblərdə edilən dəyişikliklər monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini məhdudlaşdırır. Banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi faiz dəhlizinin dəyişiminə reaksiya verərək ötən ilin sentyabrından bəri 2.67 faiz bəndi, cari ilin əvvəlindən bəri isə 1.72 faiz bəndi qalxmışdır. Alternativ pul siyasəti lövbərinin formalaşdırılması istiqamətində görülmüş tədbirlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Təminatsız Banklararası Pul Bazarında Bençmark Dərəcəsi (AZIR - Azerbaijan Interbank Rate) üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” təsdiq edilmişdir. May ayından başlayaraq Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin ortaçəkili faiz dərəcəsi (AZIR), həcmi və sayı barədə məlumatlar gündəlik əsasda Mərkəzi Bankın internet səhifəsində yayımlanır. Eyni zamanda Bakı Fond Birjası tərəfindən “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları”-na dəyişikliklər təsdiq edilmişdir ki, bu da təminatlı bazarda reprezentativ faiz indekslərinin (AINA – Azn INdex Average) daha yüksək tezliklə yayımlanmasına imkan verir. Mərkəzi Bankın notları üzrə investor bazasının genişləndirilməsi barədə müvafiq qərarın qəbulundan sonra banklarla yanaşı buraxılış şərtlərində müəyyən olunmuş meyarlara cavab verən qeyri-bank hüquqi şəxslər də hərraclarda iştirak etməyə başlamışdır. Hazırda Mərkəzi Bankın dövriyyədə olan notlarının 7%-dən çox hissəsi qeyri-bank hüquqi şəxslərin mülkiyyətindədir. Not hərraclarında rəqabət mühitini optimallaşdırmaq, investor inamını artırmaq məqsədilə Mərkəzi Bankın notlarının yerləşdirilməsi şərtlərinə əlavə dəyişikliklər edilmişdir.

Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcəkdir. Mərkəzi Bank bundan sonra da inflyasiya amillərinin dərin təhlilini davam etdirəcək, monetar şərait vasitəsilə inflyasiyanı hədəf çərçivəsinə qaytarmaq üçün sərəncamındakı bütün alətlərdən adekvat istifadə edəcəkdir. İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcəkdir.

Bu qərar 22 iyun 2023-cü il tarixindən qüvvəyə minir. Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il iyul ayının 26-da açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.