CINEMO ilk Mobil Film Festivalı - İştirak şərtləri - FOTO

CINEMO ilk Mobil Film Festivalı - İştirak şərtləri - FOTO

Bakı. TurkicWorld:

Fikir çəkmə, telefona çək!

CINEMO Mobil Film Festivalının təsiçisi və direktoru Ruslan Sabirli Festivalda iştirak şərtləri haqqında məlumat vermişdir: "Mobil Filmlər inkişafda olan bir yaradıcı sənayedir və müasir kinematoqrafın texniki baxımdan inkişafına baxmayaraq mobil telefonların köməyi ilə çəkilən kinolar böyük vüsət almaqdadır. Çünki, hazırkı dövrdə hər kəsdə mobil telefonların olması film istehsalını əlçatan edir. Müasir günümüzdə mobil filmlər hətta böyük kinoteatrlarda nümayişə çıxarılır, kassa toplayır. Festivalda iştirak etmək isə çox sadədir. Yaşından asılı olmayaraq hər bir kəs mobil telefonu ilə film çəkib onu festivalın internet səhifəsində qeydiyyatdan keçirməklə festivalda iştirak edəb bilər. Onu da qeyd edim ki, CINEMO Mobil Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Yaradıcı Həftə" çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir. Festival müsabiqə tiplidir, təqdim edilmiş filmlər arasından Münsiflər Heyəti qalibləri müəyyən edəcək. Qalibləri pul mükafatı gözləyir. Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın internet səhifəsindən almaq olar: www.cinemoff.com".

Festival qaliblərini aşağıdakı məbləğlərdə pul mükafatı gözləyir:

"Bədii film" nominasiyası üzrə 1-ci yer 2000 azn, 2-ci yer 1500 azn, 3-cü yer 1200 azn
"Sənədli film" nominasiyası üzrə 1-ci yer 1500 azn, 2-ci yer 1200 azn, 3-cü yer 1000 azn
"Sosial çarx" nominasiyası üzrə 1-ci yer 1200 azn, 2-ci yer 1000 azn, 3-cü yer 800 azn

İştirakçıların qeydiyyatı və filmlərin son qəbul tarixi: 31 yanvar 2024-cü il

Festivalda iştirak şərtləri aşağıdakılardır:

festivalda arzu edən hər kəs iştirak edə bilər;
bir iştirakçı istənilən sayda film təqdim edə bilər;
bir iştirakçı fərqli nominasiyalar üzrə filmlər təqdim edə bilər;
bir film nominasiyalardan yalnız birinə təqdim edilə bilər;
film mobil telefon vasitəsilə çəkilməlidir;
filmin çəkilişi zamanı bir neçə mobil telefonla çəkiliş aparıla bilər;
filmin çəkilişi zamanı əlavə avadanlıqlardan: işıq, ronin, mikrofon və s. istifadə edilə bilər;
post-production zamanı kompüter və montaj proqramından istifadə edilə bilər;
film müəllifə ödəniş edilmədən festivalın rəsmi saytında və digər internet resurslarda yerləşdirilə bilər;
iştirakçı qeydiyyatdan keçməli və filmi fayl kimi göndərməlidir;
iştirakçı hər bir film üçün ayrıca qeydiyyatdan keçməlidir;
qeydiyyatdan keçmədən göndərilən filmlər festivala qəbul edilmir;
iştirakçı filmlə birlikdə Şəxsiyyət Vəsiqəsinin (hər iki üzünü) və əgər varsa Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətlərini göndərilməlidir;
film, sübutlar və sənədlər festival2023@cinemoff.com email ünvanına wetransfer və s. kimi xidmətlər vasitəsilə göndərilməlidir.

"Fikir çəkmə, telefona çək" sloqanlı CINEMO Mobil Film Festivalının məqsədləri gənclərin yaradıcı fəallığının dəstəklənməsi, gənclər arasında mobil film istehsalının populyarlaşdırılması, gənclərin mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarlıması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği, istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.

Yaranmış bütün suallarla bağlı aşağıdakı email və ya festivalın sosial şəbəkə hesabları vasitəsilə müraciət etmək mümkündür:

Email: festival2023@cinemoff.com

Facebook: https://www.facebook.com/cinemoff

Instagram: https://www.instagram.com/cinemoff/

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.world